18:54 01 Mart 2021 371
Ana səhifə Xəbərlər

“Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib” - ŞƏRH

“Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar kontekstində məqsədlərinin dünyaya bəyan edilməsi hadisəsi idi. Bu isə Azərbaycanın ətrafında yeni tərəfdaşların və əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir”.

Bu sözləri APA TV-yə açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə media adlandırılan “yumşaq güc” vasitəsinin imkanlarından dünyanın heç bir siyasi lideri bu qədər geniş istifadə edə bilməyib: “Media hazırda mühüm komponent olaraq qlobal informasiya məkanında əməkdaşlıq və tərəfdaşlıq üçün əsas vasitələrdən biri hesab olunur. Hər hansı ölkənin milli məqsədlərinin və maraqlarını dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan Prezidenti mətbuat konfransında bir sıra vacib məsələlərə toxundu. Hər şeydən öncə Azərbaycanın daxili ictimai mühitində və qlobal informasiya məkanında sual doğuran bir sıra məsələlərə aydınlıq gətirdi”.

Hikmət Babaoğlunun sözlərinə görə, Prezidentin toxunduğu vacib məsələlərdən biri hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə Azərbaycanlı məcbur köçkünlərin köçürülməsi məsələsi idi: “Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, Xocalı və digər ərazilərə azərbaycanlılar qayıdacaq. Eyni zamanda bəlli oldu ki, Azərbaycanın böyük qayıdışla bağlı çox mühüm planı var və bu plan mərhələli şəkildə həyata keçiriləcək. Bu isə özlüyündə onu göstərir ki, Azərbaycan ətrafında tərəfdaşlıqlar formalaşdıracaq və Azərbaycana dost olan ölkələrin də iştirakçılığı bu prosesdə təmin olunacaq. Azərbaycan Prezidenti paralel olaraq bir sıra regional və dünya liderlərinə mühüm mesajlar göndərdi. Prezident qeyd etdi ki, əgər kimsə bu gün Ermənistanın olmayan ordusunun modernizə edilməsindən danışırsa, bu, yaxşı yol deyil və regiona yaxşı heç nə vəd etmir.”.

Hikmət Babaoğlu onu da bildirib ki, Azərbaycanın məqsədi bu gün yaranan yeni tarixi reallığın imkanlarından istifadə edərək, regionda əməkdaşlığı təmin etməkdir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov qeyd edib ki, Prezident İlham Əliyev 4 saat müddətində 4 müxtəlif dildə daxili və xarici kütləvi informasiya vasitələri əməkdaşlarının suallarını cavablandıraraq, regionda yeni yaranan konfiqurasiyanın əsas elementləri, post-müharibə dövrü, münaqişənin başa çatmasından sonra Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycanın sülh prosesinə verdiyi töhfələr və digər məsələlərə dair öz fikrini bildirdi: “Cənab Prezident bu suallara çox ətraflı cavab verdi. Əsasən Azərbaycanın prinsipial mövqeyi ondan ibarət olub ki, Qarabağ münaqişəsi birmənalı şəkildə başa çatıb. Bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” deyilən anlayış yoxdur. Bu proses tarixə qovuşub. Həmçinin Azərbaycan bu münaqişənin davam etdiyi 30 ilə yaxın müddət ərzində sülhə sadiq qalıb. Çox təəssüf ki, dünyada ikili standartlar ucbatından beynəlxalq təşkilatlar bu münaqişənin həllinə töhfə verə bilmədilər. Və buna görə də Azərbaycan əks-hücum əməliyyatları təşkil edərək, işğal olunan ərazilərin azad etdi”.

Rufiz Qonaqovun sözlərinə görə, Prezident haqlı olaraq qeyd edib ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir: “Bu əməkdaşlığın yaranması isə Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymasından asılıdır. Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, onun düşünməyə hələ vaxtı var. 44 gün ərzində Azərbaycan qalib gəldisə, deməli, Azərbaycanın hərtərəfli potensialı var. Ermənistana elə zərbə vurdu ki, bundan sonra Ermənistan həm iqtisadiyyatı, həm siyasəti, həm də ordusu, canlı qüvvəsi, texnikası baxımından uzun müddət özünə gələ bilməyəcək. Buna görə də cənab Prezident bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra heç bir statusdan söhbət gedə bilməz”.

Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan Prezidenti üçün milli maraqlardan üstün heç nə yoxdur və ola da bilməz. Çünki İlham Əliyev prezident seçildiyi ilk gündən bu prinsipə sadiq olduğunu dəfələrlə sübut edib.

Xələf Xələfov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın