15:07 03 Noyabr 2020 119
Ana səhifə Xəbərlər

Düşmən atəşi altında həyatlarına davam edən Behbudovlar ailəsi - REPORTAJ

Ermənilər o gün olmur ki, yaşayış məntəqələrin, mülki əhalini atəşə tutmasın. Hər gün top mərmisinin səsləri, hər gün dağıntı...

Bəzən həddini aşan erməni ordusu mülkü əhalinin sıx yaşadığı əraziləri kasetli raketlərdən atəşə tutaraq yerli əhali arasında kütləvi ölümə səbəb olur. İllərdir bu məşəqqətli həyatı yaşamaq məcburiyyətində qalan ailələrdən biri də Behbudovlar ailəsidir.

APA TV-nin yerli bürosunun məlumatına görə, Behbud Behbudov ailəsi ilə birgə Ağdamın Mərzili kəndindən məcburi köçkün düşdükdən sonra Ergi düzündə məskunlaşıb.

Ailə əvvəllər maldarlıqla məşğul olsalar da sonradan dövlət tərəfindən qurulan yeni artezian quyuları hesabına əkinçiliyə də başlayıblar. Dediklərinə görə, bu mövsüm 2 hektardan çox torpaqda soğan əkiblər: “Düşmənlərin ərazisinə biz yaxınıq. Ona baxmayaraq, 25 ildir ki, burada məskunlaşmışıq. Qaçqınıq. Burada əkinçilik-biçinçiliklə məşğuluq. Arpadı, buğdadı, heyvandarlıqdı. İndi soğan əkimişik”.

Ailə başçısı deyir ki, ermənilər sentyabrın 27 və 28-i bu əraziləri atəşə tutub. Elə bu səbəbdən o, əkdiyi soğanın yığımını gecikdirib: “Gecikməyimizin səbəbi odur ki, döyüş bölgəsi olduğuna görə bura işçi gəlmədi. Ermənilər atəşə tutduğuna görə özümüz də qorxduq, işləyə bilmədik. Ancaq son vaxtlar Azərbaycan Ordusunun uğuru, Prezidentimizin ürəklə danışmağı bizi daha da ürəkləndirdi. Ona görə də biz burada ürəklə işləyirik, ürəklə də qalırıq”.

Behbud Behbudovun həyat yoldaşı Səidə xanım deyir ki, kənd mütəmadi olaraq atəşə məruz qalsa da, onlar öz həyatlarına davam edirlər: “Gördük ki, daha Azərbaycan Ordusu hər yerdə irəliləyir. Allah canını sağ eləsin Prezidentimizin. Onun sayəsində öz sahəmizə qayıtdıq. Öz torpağımızı artıq becərir, yığırıq ki, yerdə qalmasın. Ona da gələn yoxdur. Elə, özümüz çalışırıq. Uşaqlarımız da ki, burdadır. Atışmadır da”.

İndi Behbudovlar ailəsinin becərdiyi məhsulun demək olar ki, yarısından çoxu yığım dönəmi gecikdiyindən zay olub. Ancaq bu problem ailəyə zərrəcə təsir etmir. Çünki onlar qısa müddət sonra artıq 27 ildir ki, gedib görə bilmədiyi ata-baba yurdlarına qayıdacaqlarına inanırlar.

Habil Aslanoğlu

Ziya ismayılov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın