11:24 16 Fevral 2021 199
Ana səhifə Xəbərlər

Düşmən postunu dostu ilə birlikdə alıb şəhid oldu - REPORTAJ

İnsan ömrü kitaba bənzəyir. Vərəqlədikcə, elə hey sonuncu səhifəyə can atırsan. Kimi gec, kimisi gec ömrünün son səhifəsini tamamlayır. Vətən Müharibəsinin şəhidi Saməddin Fərziyev ömrünün son səhifəsini çox tez - ömrünün 19-cu payızında qapatdı.

APA TV-nin məlumatına görə, müharibə başlayanda gənc Saməddin 1 il 3 ay idi ki, Vətənə borcunu yerinə yetirirdi. Hərbi xidmətdən qayıtmağına cəmi 3 qalmışdı.

Saməddin Mehman oğlu Fərziyev 2001-ci il iyulun 20-də Lerik rayonunun Xanəgah kəndində dünyaya göz açıb. Orta təhsilini şəhid Qiyas Əhədovun adını daşıyan kənd məktəbində alan Saməddin MMA və qaydasız döyüşlə məşğul olub. 8 nəfərlik ailənin ən kiçiyi olan Saməddin qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib.

Vətən Müharibəsi başlayanda cəbhənin ən gərgin nöqtələrində düşmənlə üz-üzə duran xüsusi təyinatlı qəhrəmanımız Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə xüsusi şücaət göstərib. Onun son döyüşü də elə Xocavəndin kəndlərinin azadlığı uğrunda olub.

Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Tapşırıq uğurla yerinə yetirilir. Saməddin və Sənan düşmənin döyüş postunu ələ keçirirlər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi olaraq yumurlar.

İyul döyüşlərinin də iştirakçısı olan Saməddinin valideynləri onu cəsur, qorxmaz və bir o qədər də əxlaqlı bir övlad kimi xatırlayırlar: “Nə vaxt onunla danışırdım, soruşurdum ki, bala, hardasasan? Deyirdi ki, ana, əsgər heç vaxt olduğu yeri deməz. Deyirdim, ay bala yerini denən də. Yoldaşım da fiziki qüsurludur. Deyirdim ki, atan çox narahatdır sənə görə. Soruşur ki, bu uşaq hardadır, nə edir? Həmişə danışanda deyirdi ki, ana, televizoru söndür. Televizoru xarab et ki, qoy atam görməsin müharibəni. Deyirdi ki, atam müharibəni görsə, həyəcan keçirər”.

Mələk xanım deyir ki, pandemiya səbəbindən oğlu ilə görüşə bilməyib, yalnız telefon danışıqlarında səsini dinləyə bilib: “Gördüm zəng gəldi. Qız gətirdi telefonu, dedi ki, nənə, əmi zəng vurub. Həmişə 5-10 dəqiqə danışardıq. Bu dəfə nədənsə 40 dəqiqədən çox danışdıq. Deyirdim, ay bala, müharibə gedir, özünü gözlə. Heç müharibədə olduğunu hiss etdirmirdi. Ancaq elə deyirdi ki, televizoru açmayın, televizora baxmayın. Gördüm bu dəfə rahat danışır. Dedim, balam, nə rahat danışırsan. Sözlü adama oxşayırdı elə bil. Oğlum dedi ki, ana, səndən bir istəyim var ki, sabah 1 kiloqram şokolad alıb nəzir paylayarsan. Dedim, bala, nə səbəbə? Dedi, verərsən də. Axırıncı sözü o oldu ki, ayın 20-si danışmasam, 21-i özün mənə zəng edərsən”.

Saməddinin qardaşı Abbas Fərziyev deyir ki, yalnız torpaqlarımızın işğaldan azad olunması ilə təskinlik tapır: “Ayın 25-də onu Biləcəridən yola salırdım. Oturduq yedik-içdik. Dedi, gedirəm, sağ-salamat. Onun ən böyük arzusu şəhid olmaq idi. Uşaqlıqdan anama deyirdi ki, mama, mən şəhid olacağam. Ən böyük arzusu o idi. Oturub yedik-içdik, yola saldım onu. Müharibə vaxtı da ancaq telefonla danışmışıq. Soruşurdum ki, nə edirsən, salamatsanmı? Deyirdi ki, narahat olma, onsuz da mən şəhid olacağam. Onun ən böyük arzusu bu idi”.

Müharibə başlamazdan Saməddinin böyük qardaşı da uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. İki qardaşını itirən Abbas qardaşlarından fəxrlə danışır: “Şəhid olanda da əlində siqareti var imiş. Siqaret çəkə-çəkə dostlarına deyib ki, mənə görə narahat olmayın. Əsgər yoldaşları deyib ki, Saməddin, sən getmə bu dəfə. Saməddinin Sənan adlı bir dostu var idi. Elə ikisi bir yerdə ermənilərin üzərinə irəliləyiblər. Dostlarının dediklərinə görə, heç biri qorxmurmuş. Ancaq irəli getmək barəsində düşünüblər. Hər ikisi də elə eyni vaxtda şəhid olublar”.

Onu tanıyanlar - qohumları, dostları və döyüşçü yoldaşları Səməddinin vətənpərvərliyinin dillərə dastan olacaq səviyyədə olduğunu deyirlər.

Anası Mələk xanım deyir ki, oğlu həmişə ana, gedib Qarabağı alıb gələcəyəm deyirmiş: “Deyirdim ki, ay bala, sən nə danışırsan, müharibə var ki, sən gedib Qarabağı alıb gələsən? Deyirdi ki, bir sözdür də deyirəm, qalsın sənin yaddaşında. O bilirdi ki, onun əsgərlik vaxtında müharibə olacaq. Arzusu o idi ki, əsgərliyini bitirəndən sonra qalıb hərbçi kimi xidmət göstərsin”.

Şəhid Saməddin Mehman oğlu Fərziyev ölümündən bir gün sonra - 21 oktyabr 2020-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın