19:15 06 Oktyabr 2020 286
Ana səhifə Xəbərlər

Düşmən tanklarının qənimi Tahir Misirxanovun ailəsindən REPORTAJ

Tahir Misirxanov... Azərbaycanın isimsiz qəhrəmanlarından biri...

Bu günədək onun adını kimsə duymamışdı. Yalnız bu gün Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayandan sonra bütün Azərbaycan onu tanıdı. Amma sən demə, vətənindən və soydaşlarından əvvəl onu düşmən ölkə çox yaxşı tanıyırmış. Çünki gizir Tahir Misirxanov 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinə məxsus 6 tankı məhv edibmiş. Bu şücaətinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizirimiz şəxsi rəşadət göstərərək, bu günədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb. Bununla da Azərbaycan Ordusunun qələbələrində payı olan igid döyüşçümüzün məhv etdiyi düşmən texnikasının sayı ümumilikdə 17-yə çatıb.

APA TV-nin Mil-Muğan bürosunun əməkdaşları 32 yaşlı Tahir Misirxanovun doğulduğu və boya-başa çatdığı Hacıqabul şəhərində qəhrəman əsgərin ailə üzvləri ilə görüşüb.

3 övlad atası olan gizirin 2 qızı, bir oğlu var: Yeganə, Nəzrin və İman. Onlar haqlı olaraq ataları ilə fəxr edirlər:

- Atamla fəxr edirəm, qürur duyuram. O, bizim sevimli atamızdır. O, erməniləri vurduğu üçün qürurlanırıq.

- Mən atamla fəxr edirəm ki, erməniləri vurub. Ona görə də atamı çox istəyirəm.

Hazırda Tahirin ailəsində qələbəlikdir. Dostları, yaxınları, qonşuları biri gedir, o biri gəlir. Hamı Tahirin qəhrəmanlığından fəxrlə danışır:

- Mən Tahir ilə fəxr edirəm ki, bu cür nəvə böyütmüşəm. Təbii ki, anası ilə birlikdə. 11 ildir atası rəhmətə gedib. Tahirin gördüyü bu işlər bizi qürurlandırır. O, hamımızın fəxridir.

- Tahir balaca olanda əsgər, tüfəng, tank şəkilləri çəkirdi. Soruşurdum ay Tahir bunlar nədir? Deyirdi ki, xoşum gəlir, kitablara baxıb çəkirəm. Yəni balacalıqdan hərbiyə həvəsi var idi.

- Bu gün səhər tezdən televiziyaya baxanda Tahirlə bağlı süjetə rast gəldim. Mən fəxr etdim ki, mənim nəslim, mənim qardaşım oğludur. O, bir mənin yox, bütün Azərbaycanın fəxridir.

Gizir Tahir Misirxanovu yaxından tanıdıqca, haqqında danışılanları eşitdikcə, əmin olursan ki, belə qəhrəmanları olan xalq heç vaxt məğlub ola bilməz. Bizə yalnız qələbə yaraşır. Qələbə uğrunda irəli, Gizir Misirxanov!

Əlibəy Zeynallı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın