15:49 21 Yanvar 2021 99
Ana səhifə Xəbərlər

Düşmənin üç postunu alandan sonra snayperlə vuruldu

Tamerlan Səfərov Vətən Müharibəsinin ilk günündən şimal cəbhəsində döyüşlərə başlayıb. Düşmənin canlı qüvvəsinin və atış nöqtələrinin məhv edilməsində xüsusi xidmətləri olub. Oktyabrın 1-də Tərtərin Talış kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Tamerlan Səfərov 2001-ci ildə Qubanın Səbətlər kəndində dünyaya göz açıb.

Məktəb illərindən hərb sahəsinə böyük marağı olub. 2019-cu ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbidə qalaraq, qorxmaz kəşfiyyatçı kimi Vətənə qulluq etməyə başlayıb.

Şəhidin atası Cavad Səfərov bildirib ki, Tamerlan hərbi sahədə çalışmağı özü seçib: “Oğlum Ağdərə və Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində döyüşürdü. Danışanda deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Deyirdim, müharibədir, özünü qoru. Hər dəfə də cavab verirdi ki, adam düşməndən qorxmaz. Son döyüşlərindən əvvəl bərk soyuqlamışdı. Komandiri ona icazə verib ki, hospitala getsin. Amma o, etiraz edib. Bildirib ki, döyüş yoldaşlarım savaşır, mən kənarda qala bilmərəm. Son döyüşdə də düşmənin 3 postunu məhv ediblər. Ermənilər Tamerlanı snayperlə vurublar”.

Anası Aybəniz Səfərovanın sözlərinə görə, Tamerlan sakit təbiətli, çox mehriban uşaq olub: “Müharibə başlayan gündən telefonla danışmışıq. Hətta sentyabrın 29-da zəng vuranda bacısına dedi ki, tez-tez zəng etməyin. Lazım olanda özüm zəng vuracağam. Döyüşün içində olduğunu bizə bildirmədi. Deyirdi ki, ana, arxayın ol, hər şey yaxşı olacaq”.

Tamerlan gələcəyi barədə fikirlərini, arzularını daha çox bacısı Əsli ilə bölüşürmüş: “Qardaşıma görə çox narahat idim. Tez-tez zəng vurub “ehtiyatlı ol” deyirdim. O isə gülürdü. Tamerlan məndən soruşurdu ki, xəbərlərdə cəbhədə baş verənlər barədə nə deyirlər? Deyirdim, filan yer azad olunub. Soruşurdum, sən də həmin döyüşdə idin? Dəqiq cavab bildirməyib, gülməklə sualımı cavablandırırdı. Vətənini çox sevirdi. Hər kəsə nəsib olmur şəhidlik zirvəsi. Qardaşımla fəxr edirəm”.

Nəşi 58 gündən sonra tapılan Tamerlan Səfərov noyabrın 29-da Səbətlər kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vəli Turan

Mais Allahverdiyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın