10:00 20 Sentyabr 2019 50
Ana səhifə Xəbərlər

DYP Bakıda qayda pozan piyadalara qarşı tədbir keçirdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər keçirib.

APA TV-nin xəbərinə görə, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb, bir neçə piyada inzibati qaydada cərimələnib.

Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Yol Polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər.

Qeyd edək ki, bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədilə keçirilmir.

Tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq, nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib.

Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə yol polisləri tərəfindən əraziyə dəvən edilən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bu tipli maarifləndirici, həmçinin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, davamlı şəkildə qayda pozan piyadalara qarşı profilaktik tədbirlər bundan sonra mütəmadi olaraq davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın