16:24 04 Mart 2021 131
Ana səhifə Xəbərlər

ƏƏSMN: 5 il müddətinə 11 mindən artıq şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

APA TV xəbər verir ki, bu fikirlər Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə yeni tikilən mənzillərin təqdim olunma tədbirində bildirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu və digərləri iştirak ediblər. Şəhid ailələri və müharibə veteranları onlar üçün yaradılan bu imkanlara görə təşəkkürlərini bildiriblər.

Qazi Telman Cahangirov sevincini bölüşüb: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Allah prezidentimizin canın sağ eləsin ki, bizim üçün bu cür şərait yaradır. Kim sevinməz ki? 3 övladımla illərdir kirayələrdə yaşayırdım, şükür ki evimiz oldu. Allah hər kəsi bu cür sevindirsin”.

Qazi Baba Babayev təşəkkürünü bildirib: “Çox sevincliyik. 2014-cü ildən qeydiyyatda idim. Qismət bu günə imiş”.

Qazinin həyat yoldaşı Babayeva Rəhimə yaradılan imkanlara görə minnətdarlıq edib: “Allah dövlətimizi qorusun. Fəxr edirəm ki, belə bir dövlətin vətəndaşıyıq. Yoldaşım Qarabağ qazisidir. Vətən yolunda sağlamlığın itirib və dövlət bunu yüksək qiymətləndirib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Nazirlik tərəfindən həmin vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib: “Hərbi əməliyyatlar və Vətən müharibəsi zamanı şəhid olan şəxslər və bu hərbi əməliyyatlar, həmçinin müharibə zamanı əlil olan şəxslər 5 il müddətində, mərhələli şəkildə mənzillərlə və fərdi evlərlə təmin olunacaqlar. Beləliklə bu sərəncamın əhatə etdiyi proqramla 5 il müddətinə 11 mindən artıq bu kateqoriyadan olan insan mənzil və fərdi evlərlə təmin olunacaqlar”.

Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində keçmiş məcburi köçkünlər üçün inşa edilən 30 bina və 1512 mənzildən ibarət yaşayış kompleksi ölkə başçısının sərəncamı ilə şəhid ailələri və müharibədə sağlamlığını itirən şəxslər üçün ayrılıb. Hələlik 30 ailə yeni mənzillərinə yerləşib. Yaxın vaxtlarda isə digər ailələrdə öz mənzillərinə qovuşa biləcəklər.

Xələf Xələfov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın