02:40 19 Fevral 2018 1999
Ana səhifə Xəbərlər

Əkizlərinin üzünü görməyən fevral şəhidi - REPORTAJ

O, təkcə ailəsinin övladı yox, atasının dostu, anasının isə güvən yeri olub. Elə uşaqlığından öz problemlərini özü həll etməyə, ailəsi üçün yük olmamağa, yaxşı oğul olmağa çalışıb.

Söhbət ötən il fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttinin Füzuli-Xocavənd istiqamətində ermənilərin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərovdan gedir.

Baş leytenant 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb: "İstər oxuduğu məktəb, istərsə də yaşadığımız cəmiyyətdə oğlumla bağlı heç bir nöqsan eşitmədim. Oxuduğu illərdə ancaq təşəkkür eşitdim. Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirdi. Özü seçdi öz yolunu. Yaxşı kəşfiyyatçı oldu. Arzularının dalınca getdi və kəşfiyyatçı kimi də "N" saylı hərbi hissəyə qayıtdı".

Atası ilə həm də dost olan Şahlar xidməti dövründə bir dəfə də olsun, çətinlikdən şikayət etməyib: "Yaxşıyam, heç bir problem yoxdur" deyərdi. "Oğlum, bəlkə bir çətinliyin var?" sualına bir cavabı olardı: "Bu mənim yerimdir, ata, nigaran qalma". Deyirdi, mən getsəm, kiminsə övladı gələcək mənim yerimə. Onun valideynləri yazıq olar".

Valideynlərinin, el obasının qürur yeri olan Şahlar dostlarının qisasını alacağını, vətənini dardan qurtaracağını deyərmiş: "İndi düşünürəm ki, oğlum dostlarının qisasını aldı. Fəxr edirəm ki, övladım ad qoyub getdi, qəhrəmanlıq göstərdi. Vətənə olan sevgisi bu idi Şahların. Məzuniyyətə gəlirdi, vaxtının bitməsinə iki-üç gün qalmış narahat olurdu. Elə bil rahatlığını itirirdi ki, mən getmək istəyirəm. Deyirdik vaxtına var axı, deyirdi darıxıram, işlərim orda daha çoxdur ".

27 yaşında bölük komandiri təyin olunan Şahlar öz bacarığına, savadına güvənərmiş. Hələ uşaq yaşlarından atasına "gəl, biz də gedək döyüşək" deyərmiş şəhid qəhrəmanımız: "8-ci sinfi bitirmişdi. Arzusunu ilk mənə söylədi. Mən özüm ikinci qrup əlil olduğum üçün ona qarşı çıxdım. İndi onu özümə bağışlamıram. Çünki mənim narazılığımı hiss edib incimişdi. Gedib anasına demişdi ki, mən hərbçi olmağı arzulayıram. Atama de məni ora aparsın. 9-cu sinfi bitirdi və getdi. Mən apardım. Şəhidlik arzu edirdi özünə. Şəhidlərin anası ağlayanda qaş-qabaq tökərdi. Deyirdi şəhid anası ağlamaz!"

Baş leytenant şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Ölümündən sonra dünyaya gələn iki oğul övladını indi atası böyüdür. Əkizlər də atasının və Şahların adını daşıyır: "Tanrı ona iki övlad bəxş elədi. Heç nə arzulamıram, o, uşaqları böyütmək üçün sağlıq arzu edirəm. Son nəfəsimə kimi ömrümü onlara həsr edəcəm".

Yaşar müəllim ailəsinə və nəvələrinə göstərilən diqqətdən də söz açıb: "Bu günə kimi onun xatirəsini əks etdirən heç bir iş görülməyib. Bütün şəhidlərin yaşadıqları ünvanlarda onların xatirələri əbədiləşdirilib. Amma Şahların nə oxuduğu məktəbə adı verilib, nə də kəndin girişində bir lövhə vurulub. Bunu axı dövlətimiz etməlidir. İcra Hakimiyyətindən soruşublar ki, nə çətinliyin, nə problemin var. İnanıram ki, digər imtiyazlarını da dövlət təmin edəcək zamanla".

Anası Zəhraxanım Şirinova Şahların adı ilə fəxr etdiyini deyir. Kiçik əmisi Cabir isə Şahlarla dost, qardaş olduğunu dilə gətirib: "Gülərüz, qohumcanlı, əmi və dayılarının sevimlisi olan bir uşaq idi. Böyüdükcə az gülüb danışardı. Böyük-kiçiyin yerini bilərdi, sanballı oğlan idi. Özünə hörmət edərdi, elə buna görə də hamının hörmətini qazanmışdı. Biz 9 qardaşıq. Elə bilirdik ki, Şahlar bizim kiçik qardaşımızdır".

Bu il aprelin 25-də doğulduğu evdə Şahların növbəti doğum günü qeyd olunacaq. Üzünü görmədiyi Şahlar və Yaşar adlı övladlarının qatılacağı doğum günündə əzizləri, doğmaları onun xatirəsinin işığına toplaşacaqlar.

Vətən torpağını qanı ilə suvaran İgid, yerin cənnət olsun!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın