12:01 15 Yanvar 2021 133
Ana səhifə Xəbərlər

Ekskavatoru minomyotla vurdular, komandir ayağını amputasiya etməyə qoymadı - REPORTAJ

“Mən ekskavatorda vurulmuşam. Ekskavatoru sürən mülki şəxs idi, səfərbərliklə gəlmişdi. O, xəstəliyinə görə icazə alıb getdi, onu mən əvəzlədim. İşıqlı kəndində ekskavator vuruldu, içində də mən var idim”.

İxtisasca mühəndis olan Qasım Cəfər oğlu Qasımov Azərbaycan Ordusunun zabitidir. Uşaqlıqdan hərbiyə marağı olub, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Yeddi ildir orduda xidmət edən Qasım Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunun İşıqlı kəndində idarə etdiyi texnikanın minomyot mərmisi ilə vurulması nəticəsində yaralanıb: “Uçurdum, yapışmışdım ruldan, gözləyirdim yerə dəyib dayanım. Heç yaralandığımı bilmirdim, hiss eləmirdim. Sonra özümə gəldim, bir gözüm açıldı. Gördüm artıq paltarlarım yanır, ayağım da sallanıb böyürə. Əvvəl əlimi atdım qapıya, qapı açılmadı. Gördüm yan pəncərə sınıb. Qollarımla özümə dəstək verdim, bir əlimlə də ayağımı götürüb pəncərədən sürüşüb düşdüm çölə. 3-4 metr aralanmışdım ki, ekskavator partladı”.

Yaralı hərbçi döyüş yoldaşları tərəfindən oradan Füzuli Diaqnostika Mərkəzinə aparılır. Həkimlərin dediyinə görə, ilk əməliyyatı 8 saat çəkir. Əslində sol ayağı amputasiya edilməli imiş, hərbi hissə komandiri buna icazə vermir və onu paytaxta, M.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə göndərir. Qasım burada ikinci dəfə əməliyyat edilir: “Sonra isə məzuniyyət verdilər. Çıxmışam məzuniyyətə, indi də yaraların sağalmağını gözləyirəm. Yaralar sağaldıqdan sonra da yəqin ki, implant qoyulacaq. Ayağımda sümük yoxdur. Qulaqlarımın pərdəsi cırılıb, bir də sol gözüm. Yarıya kimi düzəldi, dedilər, beyin travmasından tor gəlib. Yarıya kimi çəkildi, yarıdan o tərəfə yox”.

Qasım müalicəsini evdə davam etdirir. Hazırda ayağındakı yara səthi açıq olduğundan, ona dərman vasitələri təyin olunmayıb. Yaralar sağaldıqdan sonra isə ayağına sümüyü əvəz edən implant yerləşdirilməlidir: “Göz və qulaqla bağlı isə onlar dedi ki, ayaq tam düzəlsin, sonra baxılacaq. Ya plastik əməliyyat edəcəklər qulaqlarıma, ya da aparat qoyacaqlar”.

Müharibənin dəhşətli üzünü qazinin gözlərindən oxumaq çətin deyil. O, döyüşlə bağlı digər məqamları xatırlamaq istəmir.

Qeyd edək ki, Qasım Qasımov ailəlidir, iki övladı var. Oğlu da özü kimi hərbçi olmaq arzusundadır.

İslam Qədirli,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın