13:32 09 Yanvar 2021 63
Ana səhifə Xəbərlər

EKSPERTLƏR: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında beynəlxalq konvensiyaları pozub

“Yox etmək istədiyin millətin öncə dilini, sonra tarixini məhv et!” deyiblər. Yüz illərdir Azərbaycan xalqının dilini, musiqisini, adət-ənənələrini oğurlamağa çalışan ermənilər işğal etdikləri ərazilərdə yaşı min illərə dayanan memarlıq abidələrimizi də məhv ediblər. İnsanlarımızı kütləvi şəkildə qıran düşmən cəlladları vətən torpağının tarixinə, maddi-mədəni irsinə, havasına və suyuna da düşmən kəsiliblər.

APA TV-nin çəkiliş qrupu “Zəfərin izi ilə” layihəsi çərçivəsində işğaldan azad edilən ərazilərimizdə tarixi-mədəni abidələrə, həmçinin ekologiyaya dəymiş zərəri araşdırmağa çalışıb.

27 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, şanlı ordumuzun gücü hesabına əzəli sahiblərinə qaytarılan doğma torpaqlarımızın hər addımında bir tarix, hər qarışında min sirr yatır. Qarşına elə bir kənd, şəhər, qəsəbə çıxmaz ki, yaşı min illərə dayanan qəbir abidələri, qalalar, məscidlərlə zəngin olmasın.

Tarix üzrə elmlər doktoru Qasım Hacıyev təəssüflə qeyd edib ki, işğal nəticəsində Azərbaycanın müsəlman və alban xristian abidələrinin böyük əksəriyyəti tamamilə dağıdılıb. Məscidlər tövləyə çevrilib, alban məbədləri erməni katolik kilsəsi adı altında dünya ictimaiyyətinə təqdim olunub: “Ağdamda gözəl bir məscidin cəmi 2 minarəsi qalıb, xarabalığa çeviriblər. Şuşada daha qədim evlər var idi, onları da dağıdıblar. Füzulidə qədim yaşayış yerlərini, məscidləri dağıdıblar. Cəbrayılda Qız qalasından tutmuş, orta əsr türbələrinə qədər dağıdıblar. Orta əsr türbələrinin ən çox yerləşdiyi ərazidir həm Füzuli, həm Cəbrayıl. Laçında qədim abidələr var idi. Hamısını dağıdıblar. Təkcə Ağoğlan məbədini saxlayıb, onun da üzərində xeyli dəyişiklik ediblər. Bunlar heç nəyə müqəddəs baxmırlar. Nə xristian, nə müsəlman abidələrinə”.

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, Azərbaycan və Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalarda tarixi-mədəni irsin qorunması ilə bağlı yetərincə müddəalar var. Lakin Ermənistan dövləti bu qanunlara qəti şəkildə əməl etməyib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanda adına Azərbaycan xalqına qarşı konkret cinayət işləri olan şəxslərlə bağlı cinayət işləri başladıb. Gələcəkdə həmin şəxsləri məsuliyyətə cəlb etməyimiz, onların ətrafını müəyyən etməyimiz üçün beynəlxalq hüquq bizə yetərincə imkanlar verir. Biz bu tarixi eksponatların talan edilməsi, eyni zamanda bu ərazilərin bu hala gətirilməsi ilə bağlı Ermənistan hökumətindən təzminat tələb edə, beynəlxalq hüquq normalarına əsasən kompensasiya ala bilərik”.

Çəkiliş apardığımız min hektarlarla ərazidə ağacların qırılması, su kəhrizlərinin məhv edilməsi, ermənilərin xalqımıza qarşı həm də ekoloji terror törətməsinin real sübutlarıdır. Uzun müddət Sərsəng su anbarını işğal altında saxlayan erməni hökuməti Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının 100 min hektardan çox ərazisini susuz qoyub. Kütləvi meşə yanğınları, meşə massivlərinin qırılması ermənilərin ekoloji terrorunun əsas predmetləridir. Düşmən mütəmadi olaraq Kür və Araz çaylarını zəhərləməkdən də çəkinməyib: “BMT-nin qəbul etdiyi bir sıra qətnamələrdə göstərilir ki, ərazinin susuzlaşdırılması, səhralaşmanın təmin edilməsi beynəlxalq cinayət hesab edilir. Bununla bağlı Avropada Bern Konvensiyası, Ladvard Konvensiyası, Vyana Konvensiyası, Cenevrə Konvensiyası və s. müddəalar var. Ermənilərin Azərbaycan ərazilərində olan çaylara tullantılar qatması, Suqovuşan və Sərsəng su anbarlarının qarşısını kəsməsi, əraziləri səhralaşdırması birmənalı olaraq beynəlxalq konvensiyaların pozulmasına gətirib çıxarır. Bəzi müddəalarda ermənilərin Azərbaycana vurduğu zərər 170 milyard dollardan artıq kimi qiymətləndirilir”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq araşdırma fondlarını, beynəlxalq təşkilatları mütəmadi olaraq ölkəyə dəvət etməli, dünya ictimaiyyətinə təqdim etməklə vurulan zərərin məbləğini dəqiqləşdirməlidir. Ciddi araşdırılarsa, ermənilər tərəfindən maddi və mədəni irsimizə, ekologiyamıza vurulan zərərin daha böyük rəqəmləri əhatə edəcəyi istisna deyil.

Xələf Xələfov

Faiq Həsənov

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın