11:00 28 Fevral 2021 1031
Ana səhifə Xəbərlər

Əlcəklərini atasına yadigar göndərdi - REPORTAJ

Evin ilki, böyük övladı olduğu üçün İlkin qoyulmuşdu adı. Amma gələcəkdə adı daha böyük mənalar kəsb edəcəkdi – Şəhid adı! Bu ad qoyularkən bəlkə heç valideynləri düşünməmişdi ki, bir gün gələcək, İlkin ailənin və hətta nəslin ilk şəhidi olacaq.

APA TV xəbər verir ki, İlkin Rəfael oğlu Quliyev əslən Ordubad rayonundan olsa da, 2002-ci il aprelin 15-də Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonuna köçən İlkin Quliyev təhsilini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Qərb Universitetinin kollecinə daxil olub. Aprelin 1-də 18 yaşı tamam olan İlkinə bir gün sonra həqiqi hərbi xidmətə çağırış vəsiqəsi gəlib. Pandemiya ilə əlaqədar olaraq may ayının 4-də həqiqi hərbi xidmətə yollanan İlkin Qusarda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Üç aydan sonra sentyabrın 19-da ailəsi ilk dəfə İlkini görməyə gedib. Bu zaman qarşılarına tam başqa bir ilkin çıxıb.

Şəhidin anası Reyhanə Zeynalova oğlunun yuxusuna az gəldiyini deyir: “Bu neçə ayda bircə dəfə yuxuma gəlib. Onda da gördüm ki, otağının qapısını aralayıb baxıram. Görürəm əsgər paltarında namaz qılır. Qohumların yuxusuna gəlir, deyir, anama deyin məndən nigaran qalmasın, mənim burda yerim yaxşıdır”.

Şəhidin atası Rəfael Quliyev oğlundan qürurla bəhs edir: “İlkini görəndə qəribə olduq. Uşaq tamam dəyişmişdi. 3-4 ay olardı görmürdük, birdən-birə qarşımıza böyümüş, canlı-cüssəli bir əsgər gəldi”.

3-4 ay İlkini görməyən anası da oğlunu tanımayıb: “Dedilər, İlkin gəlir, mən oğlumu tanımadım. Yaxınlaşandan sonra gördüm İlkindir. Pəncərədən əl elədim, içəri girdi görüşdük. Tamam dəyişmişdi İlkin. Boyu uzanmışdı, kökəlmişdi. Amma İlkinin gözləri əvvəlki kimi baxmırdı. Qəm kədər var idi gözlərində”.

Sentyabrın 28-də İlkin ailəsinə zəng edib, hər kəsdən halallıq istəyir. Anası Reyhanə xanım deyir ki, övladının səsindəki sevinc ona bir qədər qəribə gəlib, harada olduğunu soruşanda İlkin ona hərbi təlimlərə qatıldığını və ailəsinə buna görə narahat olmamağı tövsiyə edir. Şərait yarandıqca, ailəsi ilə danışan əsgər Quliyev döyüşlərə qatıldığını, hər gün ölüm-dirim savaşında olduğunu, qarış-qarış torpaqlarımızın azad olunmasında iştirak etdiyini doğmalarından gizlədir. Səbəb isə əzizlərinin ona görə narahatlıq keçirməsini istəməməsi olur.

Atası Rəfael Quliyev deyir ki, 18 yaşlı gənc əsgərin döyüş yolu Füzulidən başlayır. Bu istiqamətdə bir çox ərazilərin işğaldan azad edilməsində birbaşa iştirak edir. Oktyabrın 8-də İlkinin atasına zəngi son zəng olur. İki gün övladından xəbər almayan ailə oktyabrın 10-da həyatlarının ən acı xəbərini alır. İlkinin yanına düşən minomyot qəlpəsi onun çanaq nahiyəsini yaralayır: “Döyüşlər qızğın gedən vaxtı olub. Ona görə tez çıxara bilməyiblər. Yoldaşları mənə dedi ki, İlkin yaralanıb, amma yüngüldür. Həqiqətən də böyrünə bir minomyot qəlpəsi dəymişdi, çox ağır olmayıb. Ordan çıxarıb gətiriblər Füzuliyə hospitala, ordan da vertolyotla Bakıya gətirəndə burda hospitalda şəhidlik zirvəsinə ucalıb”.

Şəhidin dayısı Raqif Fərəcov bacısı oğlunun yaralandığını eşidən kimi hospitala getdiyini deyir: “Biz gəldik hospitala, baxdım gördüm İlkin eləcə yatır. Üzündə təbəssüm vardı. Sadəcə, bir qəlpə yarası almışdı. Orda qucaqladım. Əlimizdən artıq heç nə gəlmədi. Sonra yavaş-yavaş gətirdik evə”.

İlkinin şəhid olması anasının yuxusunda əyan olub: “Oktyabrın 10-u günü səhər mən İlkinin otağını təmizləyirdim. Şüşə siləndə birdən gördüm həyətə təcili tibbi yardım maşını və polislər gəldi. Bu zaman hiss elədim ki, İlkinimə nəsə olub. Tez həyətə qaçdım. Həyətdə heç bir tanış adam yox idi. Amma mənim həmin an ürəyimə damdı ki, İlkini gətirirlər. Ayın 8-də mən yuxuda gördüm ki, İlkin deyir “ana, biz Beyləqandayıq. Hər yer mərmidir. Biz barmağımızın ucunda gəzirik”. O zaman İlkin onu mənə çatdırdı yuxuda”.

İlkinin əsgər, daha sonra döyüş yoldaşı olan Muraddan onun necə şəhid olduğunu xəbər aldıq. “Füzuli istiqamətində açıq döyüşdə İlkin yaralandı. O zaman mən ona yaxınlaşıb kömək etməyə çalışdım. İlkin əlindəki əlcəkləri çıxarıb mənə verdi. “Bunu atama çatdırarsan. Qoy məndən xatirə qalsın” dedi. Yəqin ki, qismətimə sağ qalıb İlkinə verdiyim sözü tutmaq yazılıbmış. Bu gün dostumu, yol yoldaşımı ailəsinə sağ-salamat qaytara bilməsəm də, ondan qalan son əmanəti ailəsinə çatdırdım”.

Bu İlkinin əlcəkləridir. Əsgər yoldaşı Murad gətirib əsgərlikdən. Yaralananda çıxarıb verib əsgər yoldaşına ki, bunu atama çatdırarsan. Hiss edib ki, nəsə olacaq özünə. Qoxlayıram, İlkinimin iyi gəlir əlcəklərindən. Hərbidən heç bir qalan başqa paltarı yoxdur bizdə. Bircə qoxusu ilə şəkilləri qaldı balamın. İlkin azyaşlı olsa da, hamının könlündə taxt qurdu. Az yaşadı, amma şərəfli yaşadı”.

Masanın üzərindəki şəkillərə baxırlar – İlkinin şəkilləridir. Sonra ailə albomunu vərəqləyir anası. Hər şəkildə İlkinli günlərinə qayıdır, övladının necə tez böyüdüyünü, Vətəni, torpağı uğrunda şəhid olduğunu fəxrlə danışır. Arzuları çox idi İlkinin. Marketoloq olub öz biznesini quracağına ümid edirdi.

Şəhidin bacısı Aysu Quliyeva qardaşı ilə fəxr edir: “Mən qardaşımla fəxr edirəm. O, mənim hər zaman arxam, dayağım idi. Son danışığımızda mənə dedi, dərslərini yaxşı oxu, ailəmizin başını uca elə. Mən ona söz vermişəm, yaxşı oxuyacam”.

Nənə üçün nəvəsinin şəhid olması ağır olsa da, tək təsəllisi vətəni darda qurtarmağıdır: “Mənim balam Vətən yolunda canından keçdi. Vətən nə qədər darda idi, mənim balam onu qorudu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Şəhid anasının arzuları var: “Allahdan arzum odur, balamın məqamı daima uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun, balam da onların içində. Düzdür, bir ana üçün çox çətindir övlad itkisi. Amma belə itki şərəflidir. Qürur duyuram balamla”.

Vətən Müharibəsi zamanı işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olan İlkin Quliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın