20:40 21 Noyabr 2019 262
Ana səhifə Xəbərlər

Əli Həsənov: “Azərbaycana qaytarılan miqrantlar həbs edilməyəcək”

“Biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq”. APA TV -nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanların layiqli cəzalarını alacaqlarını bildirib: "Öz ölkəsində həm ictimai-siyasi, həm iqtisadi, həm də bütövlükdə vətəndaşlıq sahəsində ciddi nümunələr göstərə, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik. Biz bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Bunu bəyan edirdik və sübut etməyə çalışırdıq. Ancaq təəssüf ki, müxalifət partiyaları etiraf etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini də biz bilirdik. Qaçqın düşərgələrində onlara yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik”.

Prezidentin köməkçisi saxta miqrantların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bunların heç bir əsası yoxdur: “Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikanın sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər. Əlbəttə, onların hər birinin fəaliyyəti - kim hansı yolla ölkəni tərk edib, kim xarici ölkələrə hansı adla gedib - Azərbaycanda araşdırılır, araşdırılacaq. Biz Azərbaycan vətəndaşlarının hər biri, yaxşısı, pisi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq”.

Əli Həsənov deyib ki, Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili dayanır: “Ona görə də Azərbaycana qayıdan, qaytarılan o insanların hər biri ölkəmizin vətəndaşı olaraq hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün Azərbaycanda lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş, cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlara gəlincə, onlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır”.

Prezidentin köməkçisi saxta miqrant alverində iştirak edən şəxslərin layiqli cəzalarını alacaqlarını vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın