11:17 17 Oktyabr 2020 154
Ana səhifə Xəbərlər

Əməkdar rəssam Azərelli: “Müharibə janrında çəkmək ona görə çətindir ki...”

Yaradıcı insanın fikir və hissləri özünü incəsənətdə əks etdirir. İncəsənət deyəndə ağıla daha çox rəngarəng tablolar gəlir. Xalqın başına gələn müsibətləri, faciələri fırçadan keçirmək isə gül-çiçəyi çəkməkdən daha çətin olub. Elə buna görə də batal, yəni müharibə, döyüş janrında rəsmlər yaradan rəssamlar heç də çox deyil.

Həmsöhbətimiz Qarabağımızın tarixini gələcək nəsillərə rəsm əsrləri ilə ötürən əməkdar rəssam Asif Rzayevdir. Özünün dediyinə görə, beynəlxalq sərgilərdə haradan olduğunu çox soruşublar və “Azəri elindəndir” - deyə təqdim edildikdən sonra bu söz onun xoşuna gəlib. Beləcə, müsahibimiz o vaxtdan ağ kağızları “Azərelli” imzası ilə rəngləməyə başlayıb.

Rəssamın “Təhqir olunmuş Xocalı” əsərində düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimiz, düşmən tankları, qətlə yetirilmiş ana-bala kimi tarixi həqiqətlər təsvir olunub. Birinci Qarabağ müharibəsində xalqımızın başına gətirilən acı həqiqətləri insanlara fırçası ilə təqdim edən rəssam deyir ki, elə buna görə də qanlı-qadalı müharibə mövzusunda onun fırçasından daha çox qara rənglər tökülüb. Halbuki rəssamlar könül oxşayan rəngləri sevir: “Bilirsiz rəssam nəyi sevir? Rəngləri. Rənglər olsun, ürəkaçan rənglər olsun. Onun fırçasından çiçəklər tökülsün, güllər tökülsün. Amma müharibədə o yoxdur. Müharibədə ancaq qara, xoşagəlməz rənglərdir”.

1994-cü ildə cəbhəyə yollanan Azərelli Azərbaycan oğullarının şücaətini gördükcə, xalqımızın elə igidlərinin olmasından çox fərəh hissi keçirib: “Mən orada olarkən bizim əsgərlər irəlilədilər. Mən özüm şahidi oldum. Haramı düzünə, mən orada olarkən Şişqaya deyilən bir qayaya Azərbaycanın bayrağını taxdılar. Sonra mən gəldim. Həmin işləri apardım qəzetlərə. “Xalq qəzeti”nə, “Respublika” qəzetinə. Mənim o beş gündə gördüyüm xatirələr belə olduqca çoxdur. 74 yaşım var, mənim, demək olar, dünyada gördüyüm o beş gün olub”.

Rəssam Qarabağın tarixi keçmişini - “Cıdır düzü”, “İsa bulağına gedən yol”, “Zəngilan toyu”, “Şuşa bazarı” adlı kimi bir neçə tabloda əks etdirib. Əməkdar rəssamın “Musiqi beşiyimiz” adlı əsərində musiqi və təbiətin qarşılıqlı simfoniyası Qarabağın məşhur “Şuşa xalçası” üzərində təsvir olunub. Azərbaycanı qarış-qarış gəzən Asif Rzayev ən çox Şuşanı sevdiyini, Cıdır düzünün, Daşaltı çayının ağlasığmaz gözəlliyini heç vaxt unuda bilmədiyi kövrək hisslərlə dilə gətirir: “Azərbaycanı çox sevirəm, Azərbaycanı bütün kəndbəkənd, şəhərbəşəhər gəzirəm. Mən indi həyat elə gətirib ki, ümumiyyətlə, bir rəssam kimi dünyanın başqa ölkələrində də olmuşam. Mən Neapolda olmuşam, Everest dağında da olmuşam, Hindistanda olmuşam, dünyanın çox gözəl deyilən yerlərində olmuşam. Amma mənim aləmimdə Şuşa qədər gözəl Bizim rəssamlar, neçə rəssam Şuşa mənzərəmi görəndən sonra məni küçədə qucaqlayıb öpüb”.

İndi Azərbaycan Ordusunun 1994-cü ildən daha güclü olduğunu və buna görə də Qələbə gününün yaxında olduğunu vurğulayan rəssam qeyd edir ki, həmin günü öz tablosunda böyük sevinc hissi ilə təsvir edəcək: “Bu sualı mənə başqa rəssamlar da verib. Asif, işlər edirsən, bu Qarabağı alandan sonra sən yenə də belə şeylər edəcəksən? Amma mən onları o vaxt çox yanğı ilə işləmişəm. Artıq o yanğı məndə ola bilsin ki, olmayacaq. Artıq sevinclə edəcəm onları”.

Hər bir azərbaycanlının içini göynədən Qarabağ mövzusunun tezliklə bizim zəfərimizlə bitəcəyinə inanan rəssamın bir arzusu var: Torpaqlarımız azad olunduqdan sonra onun xəyalən yaratdığı “Cıdır düzü” kompozisiyasının gerçək olması.

Yaxın zamanda bu arzunun gerçək olması ümidi ilə

Xəyalə Cəfərova,

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın