Əməkdar rəssam Rəşid Şerif vəfat edib
Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif vəfat edib.
Bu barədə APA TV-yə Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.
Qeyd edək ki, Rəşid Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, habelə bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
Xatırladaq ki, Rəşid Şerif 1953-cü ilin 29 sentyabrında Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cu ildən, Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlayıb. 80-dən artıq tamaşaya tərtibat verib. 2003-cü ildə Estoniyanın Vilyandi şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olub. Rəşid Şerif 1992-ci ildən karikaturaçı qismində bir sıra qəzetlərlə əməkdaşlıq edib, 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olub, 1996-2000-cı illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. 2011-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!