18:25 16 Noyabr 2020 205
Ana səhifə Xəbərlər

Ən böyük arzusuna 16 yaşında qovuşan APA - REPORTAJ

“Xəbərimiz var!”. Onlar 16 ildir bu devizlə addımlayırlar. Dəqiq, operativ və tərəfsiz - budur APA-nın iş prinsipi.

APA-Group”a daxil olan Azəri-Press Agentliyinin, yəni APA-nın yaranmasının 16 il keçir.

APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus və ingilis dillərində onlayn xəbər xidməti göstərir.

Agentliyin Baş redaktoru Nurşən Quliyev deyir ki, bu il APA-nın 16 yaşı olduqca əlamətdar bir dövrə təsadüf edir. APA yaranan gündən hər bir əməkdaşın arzusu Qarabağın, torpaqlarımızın işğaldan azad edilməsi xəbərini oxuculara çatdırmaq olub: “16 il sonra biz arzuladığımız ən böyük arzumuza çatdıq. Biz torpaqlarımızın işğaldan azad olunma xəbərini verdik. Bunun xoşbəxtliyini yaşamaq böyük səadətdir. Elə bu münasibətlə, həm də APA-nın ad gününü bu ərəfədə qeyd etmək mənim üçün olduqca əhəmiyyətlidir. Bu gün münasibətilə agentliyin bütün əməkdaşlarını və APA-dan yolu keçən hər kəsi, Azərbaycan mətbuatını təbrik edirəm”.

APA-dan yolu keçən hər kəsin sevimli müəlliminə çevrilən Nurşən Quliyev deyir ki, APA dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, informasiya mübadiləsi aparır. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri ümumi, iqtisadi xəbərlər hazırlayır, foto və video xidməti göstərir.

Yadımdadır, APA-nın 15 illiyi ilə bağlı yubiley reportajı hazırlayarkən hər kəs 2020-ci ildə dünyamıza və ölkəmizə sülh və əmin-amanlıq arzu etmişdi. Təbii ki, o zaman nə COVİD-19 pandemiyası vardı, nə də Azərbaycan Ordusunun canı və qanı bahasına qazanacağı Qələbədən xəbərsiz idik.

Agentlik yaranan gündən təsisçilərlə burada çiyin-çiyinə çalışan Agentliyin redaktoru Gülşən Hacıyeva deyir ki, “ APA-nın yarandığı ilk gündən bu günə kimi deyə bilərəm ki, ən ağır ilimiz idi bu il. Biz çətin bir pandemiya dönəmindən keçdik. Bu bitməmiş Böyük Vətən Müharibəsi başladı. Təbii ki, biz bu müharibədən qələbə ilə çıxdıq, bu bizi sevindirir. Lakin itkilərimiz də oldu. Hələ bəzi suallar cavabsız qalıb, bu, bizi də narahat edən məqamdır. Bütün bunların fonunda biz APA-nın 16 ilini qeyd edirik. Bir az sevincli, bir az da türklər demiş, “buruq” bir vəziyyətdə. Bütün varlığımızla inanırıq ki, APA-nın 17 ilində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu şəkildə qeyd edərik”.

Redaktor Kəmalə Quliyeva da uzun illərdir APA-da çalışır: “Bu 16 ilin 12 ilini mən də işləyirəm. Ancaq yalnız qələbə, sevincli xəbərlər yazmaq istəyirəm. Şəhidlər, itkilər bir daha yaşamasın ölkəmiz. Gün o gün olsun ki, ancaq qələbə xəbərlərini verək. Başqa arzumuz yoxdur”.

Digər redaktor Məhbubə Qasımbəyli deyir ki, Azərbaycan mətbuatını APA-sız təsəvvür etmək mümkün deyil: “Bu gün mətbuatda APA-nın özünün xüsusi yeri var. APA təkcə yerli mətbuatda deyil, həm də dünya mətbuatı ilə əməkdaşlıq edən bir media orqanıdır. Bu gün sevindirici haldır ki, dünya mediası Azərbaycanda ən çox APA-ya istinad edir. Mən arzu edirəm ki, APA hər zaman xəbərin doğru ünvanı olaraq qalsın”.

Agentliklə əməkdaşlıq edən qurumlar arasında Azərbaycanın ən aparıcı dövlət və özəl qurumları, xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri var.

APA-nın əməkdaşı Günay Elşadqızı informasiya məkanında APA-nın özünəməxsus yer tutduğunu deyir: “Demək olar ki, media məkanında çalışan hər kəsin hər gün səhər işə gələndə açdığı saytlardan biri APA-dır. APA özünü o qədər doğruldub ki, hər kəsdə bir düşüncə var - əgər APA yazıbsa, deməli, bu doğru xəbərdir, burda yanlış heç bir məlumat ola bilməz. 30 ilə yaxındır həsrətində olduğumuz xəbərləri APA vasitəsilə çatdıra bildik oxucularımıza. Təbrik edirəm və inanıram ki, APA bundan da gözəl xəbərləri çatdıracaq oxuculara”.

Sosial Media Meneceri Turan Əsədova da hələ tələbəlik illərindən burda çalışdığını deyir: “Mən APA-ya gələndə ikinci kursdan gəlmişəm. Mən jurnalistikaya gələndə bu sahə ilə bağlı heç nə bilmirdim. APA bunu mənə öyrətdi. Hər zaman demişəm - APA xəbərin anasıdır. Necə insan birinci sinfə gedəndə müəllim öyrədir və həmin müəllim ona əziz olursa, APA da mənə elə əziz və doğmadır”.

APA-nın əməkdaşı Nigar Abbasovanın sözlərinə görə, onun jurnalist kimi yetişməsində APA-nın böyük rolu olub: “Bir növ APA mənim jurnalist kimi var olmağımda ən böyük dəstəkçim oldu. Vüsalə xanıma, Nurşən müəllimə təşəkkür edirəm və hər kəsi təbrik edirəm”.

Belə bir deyim var: iqtisadiyyatı güclü olan ölkənin ordusu da güclü olur. Redaktor Nicat Mustafayev deyir ki, “ APA Economics”də iqtisadi informasiya cəbhəsində savaşan bir ordu sayıla bilər: “Mən iqtisadiyyat şöbəsi adından başda Vüsalə xanım və Nurşən müəllim olmaqla bütün APA-çıları təbrik edirəm. 2020-ci il pandemiya və Qarabağ münaqişəsi baxımından Azərbaycan iqtisadiyyatı üçün sınaq ili oldu, lakin ümid edirəm ki, iqtisadiyyatımız bu sınaqdan da üzü ağ, alnı açıq çıxacaq. Hər bir vətəndaşımızı qələbə münasibətilə təbrik edirəm”.

APA- da informasiya cəbhəsində sözün həqiqi mənasında savaşan şöbələrdən biri də rus və ingilis dili şöbələridir.

Onlar 2020-ci ili ağır şərtlər altında fəaliyyət göstərirdilər. İlk növbədə İlham müəllimlə söhbətləşək, görək, yola saldıqları bir ili necə başa vurdular.

APA-nın rus redaksiyasının redaktoru İlham Sultanov bu günlərdə xeyli iş görüldüyünü bildirir: ”Düzünü desək, ağır keçdi. Həm koronavirus pandemiyası, həm də Vətən Müharibəsi ilə əlaqədar informasiya təhlükəsizliyi baxımından xeyli iş gördük. Ölkəmizdə yaşayan rusdilli auditoriya üçün informasiyaların çatdırılması, eyni zamanda MDB ölkələrində ölkəmizin müharibə həqiqətlərini oxuculara çatdırmaq istiqamətində böyük işlər gördük. Hesab edirəm ki, işimiz yetərincə uğurlu oldu”.

APA-nin ingilis redaksiyasının redaktoru Faiq Mahmudov deyir ki, il ağır olsa da nəticə yaxşıdır: “Bu ili maska ilə başlayıb kaska ilə başa vurduq. Baxmayaraq ki, ağır il oldu, amma əsas nəticədir. Nəticələrimiz uğurlu oldu. Qələbə ilə başa vururuq. Bu qələbə münasibətilə əsgərlərimizi, bütün ölkəmizi təbrik edirəm. ”.

16 yaşlı Agentliyin 14 yaşı oğlu da “ APA SPORT” komandasıdır. Tahir, Vüqar və Ruslan üçlüyünün yaratdığı tandemlə siz də tanış olun.

- Mən də 11-ci ad gününü qeyd edirəm. İdman dili ilə desək, start 11-likdəyəm. Əsas məqsədimiz oxuculara doğru, düzgün və operativ məlumat çatdırmaqdır. Bu gün müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad elədi. Bu yolda şəhid olan əsgərlərimizə rəhmət diləyirəm. İnanırıq ki, qələbə bizimlədir. Çünki idmanın da əsas məqsədi qələbədir.

- Hər kəsi bu ikiqat bayram münasibətilə təbrik edirəm. Mənim üçün bu tarixi qələbənin önəmlərindən biri də budur ki, qardaşım da döyüşlərdə iştirak etdi və qələbənin iştirakçılarından biri oldu.

Bu gün Böyük Vətən Müharibəsində döyüşlərdə APA-nın da bir neçə əməkdaşı savaşır. Onlardan biri də İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı Elməddin Abışovdur. APA-nın görünməz qəhrəmanları da elə bu departamentin əməkdaşlarıdır.

İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Emil Əmirov deyir ki, bu gün bizim üçün ikiqat bayramdır: “Bu gün bizim üçün bir bayram deyil, iki bayramdır. Xalqımızı təbrik edirəm. Şərəfverici bir hisdir ki, əsgərlərimizin keçdiyi bu şərəfli yolu APA olaraq oxucuya çatdırdıq. Buna görə APA-nı təbrik edirəm. Biz də uşaqlarla əlimizdən gələn qədər döyüşdük. Düzdür, biz onlar kimi can qoya bilməsək də, çalışdıq arxa cəbhədə köməyimizi edək”.

İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı Rəşad Abdürrəhmanov da hər kəsi təbrik edir: “ APA-nın bütün əməkdaşlarını təbrik edirəm. Gözləri aydın olsun, torpaqlarımız azad oldu”.

Bu 16 ildə APA tək addımlamayıb. Onun yol yoldaşları, obrazlı desək, qardaşları Lent.az , Vesti.az , Kulis.az APA TV-dir. Bu böyük komandanın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir. Qələbə xəbərlərin daim bol olsun, APA! 16 yaşın mübarək!

İLAHƏ VƏLİYEVA

ƏLİ ƏLƏKBƏR

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın