02:05 10 İyul 2020 1595
Ana səhifə Xəbərlər

Ən yüksək bal toplayan lənkəranlı məzun: “Təəccüblənmədim”

İyunun 18-19-da keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında ən yüksək nəticə göstərən Həsən Abbaslı 1 saylı Lənkəran şəhər tam orta məktəbinin məzunudur.

APA TV-nin cənub bürosunun məlumatına görə, Həsən 297.1 bal toplayaraq belə bir uğura imza atıb. Qarşıda onu növbəti imtahan gözləyir ki, bu sınaqdan da ən yaxşı nəticə ilə çıxmaq istəyir:

“1-ci ixtisas qrupu üzrə hazırlaşıram. Hədəfim maksimum bal toplayıb Bakı Ali Neft Məktəbinə daxil olmaqdır. Düzdür, 2-3 başqa universitet də var. Bakı Mühəndislik Universiteti, UFAZ seçə biləcəyim universitetlər arasındadır. Ancaq prioritet hədəf Bakı Ali Neft Məktəbidir. Ümid edirəm ki, uğurlu ola biləcəyəm”.

21 min şagird arasında birinci yerə çıxmaq elə də asan olmayıb. Dərslər, hazırlıq bir tərəfdən, koronavirus pandemiyası da digər tərəfdən. Buna baxmayaraq, təhsilə olan sevgisi onu daha əzmlə çalışmağa sövq edib:

“Pandemiya ilə bağlı mart ayından məktəblər bağlansa da, onlayn dərslərdə, həm repetitor, həm də “Virtual məktəb” layihəsində çalışdığım qədər iştirak elədim. Bu da mənim uğur qazanmağımda önəmli rol oynadı. Üstümdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Həsən deyir ki, dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə çalışmaq düzgün deyil. Dərslərini öyrənməklə yanaşı, o, digər məşğuliyyətlərinə də vaxt ayırıb. Ən sevimli məşğuliyyəti isə intellektual yarışlarda iştirakçı olmaqdır:

“Dərslərlə yanaşı, intellektual oyunlarla da məşğulam. 2016-cı ildən "Lənkəran Klubu"nun üzvüyəm. O tarixdən bu günə kimi Lənkəranı bir sıra ölkədaxili yarışlarda təmsil eləmişik. Kifayət qədər də uğurlarımız var”.

Yeri gəlmişkən, Həsən "İntellekt cəngavəri" mükafatının sahibidir və dəfələrlə intellektual yarışlarda uğur qazanıb. Və mübaliğəsiz demək olar ki, uğur qazanmaq artıq onun üçün adiləşib:

“Belə bal toplayacağımı demək olar ki, gözləyirdim, çünki ilboyu hazırlaşma qrafikim bunu deyirdi. Bu nəticəni görəndə də o qədər təəccüblənmədim. Sadəcə, hər bir abituriyent kimi sevindim”.

Həsənin uğuruna özündən çox üzərində əməyi olanlar sevinir. Atası imtahanlarda yüksək nəticə göstərən övladı ilə qürur duyur və digər övladının da eyni uğuru qazanmasını arzulayır:

“Allah bütün valideynləri sevindirsin. Mən də Həsəndən yaxşı nəticələr gözlədim, sevindirdi bizi. Neçə müddətdir 1 nömrəli məktəbdə belə nəticələr alınmırdı. Bu il Həsən tərəfindən məktəb də yaxşı nəticə göstərdi”.

Qeyd edək ki, lənkəranlı digər abituriyent, Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu Rüstəm Əzimzadə 288.9 bal toplamaqla üçüncü, 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin məzunu Leyla Şirinova isə ikinci ən yüksək nəticəni göstərib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın