11:47 24 Oktyabr 2020 112
Ana səhifə Xəbərlər

Epilepsiya xəstəsi olan Samirənin köməyə ehtiyacı var - SOS

20 ilə yaxındır epilepsiya xəstəsi olan Samirə Səfərovanın anası Yaqut Hüseynova qızını artıq müalicə etdirə bilmədiyini deyir: “Hər il müalicəsini edirdim, bahalı dərmanlarla. Bütün evimi, varımı-yoxumu satdım onun yolunda ki, təki balam sağalsın. Əvvəl onun bunun evində işləyirdim. Sonra özüm də əməliyyat oldum, işləyə bilmədim. İndi qalmışam pensiyanın ümidində. Qonşu ölkələrə də aparmışam müalicəsi üçün. Amma indi artıq imkanım yoxdur, müalicəsini edə bilmirəm”.

Samirə Nəbi qızı Səfərova 1984-cü ildə Lənkəran şəhərində anadan olub. Hazırda anası və qardaşı ilə bərabər Nizami rayonu Bəhruz Nuriyev 33, mənzil 9 ünvanında yaşayır. 18 yaşı olanda ailəsi onda epilepsiya xəstəliyinin olduğunu aşkar ediblər. O zamandan bəri Samirənin getmədiyi həkim, döymədiyi qapı qalamayıb. Uzun sürən müalicələr xəstəliyinin tam sağalmasına deyil bir qədər vəziyyətinin yüngülləşməsinə səbəb olub. Anası Yaqut Hüseynova deyir ki, Samirə müalicə aldığı müddətdə ev işlərini görməkdə ailəsinə köməklik göstərib, yeməyini yeyib paltarını yuya bilib. Lakin ötən ay vanna otağında huşunu itirərək yıxılması nəticəsində başından və belindən aldığı zərbədən sonra özünü idarə etmək qabiliyyətini tamamilə itirib: “Yıxılandan sonra beyin şişdi. Buz qoydular, dərmanlar yazdılar. Qulağından qan gəldi. İndi 3-4 həftədir artıq yerindən qalxa bilmir. Əli, ayağı əsir, dərmanı uda bilmir, yemək yeyə bilmir, çünki ağız əsir, hamama qardaşının köməyi ilə aparıb gətiririk. Həyəcanlanan kimi dili qatlanır, dodaqları gömgöy olur, ağzından köpük gəlir, gözlərinin qarası gedib ağı qalır. Ölkədə 3 dənə ağır epilepsiya xəstəsi varsa onlardan biri Samirədir”.

Yaqut Hüseynovanın sözlərinə görə, Samirənin xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət edib. Lakin hər dəfə onlara bildirilib ki, epilepsiya xəstələrinin müalicəsi olduğundan ona əlillik dərəcəsi düşmür: “Deyirəm bəs mənim övladıma niyə pensiya verilmir, deyirlər elə müalicə-müayinə edilməlidir. 19 ildir müalicə-müayinə edirlər ortada bir şey yoxdur. Mənə xəstəxanadan sənəd verdilər, dedilər ki, onun bütün xəstəlik kağızı buradadır. Onu götür, qızı da qoy əlil arabasına apar Tibbi Sosial Ekspert Komissiyasına. Orada görsünlər ki, bu uşağa əlillik düşür. Dedim mənim imkanım yoxdur. Sağlamlar pensiya alır, amma mənim dərmanla yaşayan xəstə qızıma pensiya vermirlər”.

Çarəsiz ananın indi xeyirxah insanların köməyinə ehtiyacı var: “Xahiş edirəm kimin imkanı var mənim balama kömək eləsinlər, balam əldən gedir. Təcili Samirəni xəstəxanaya yerləşdirmək lazımdır. Onun müalicəsinə köməklik edin xahiş edirəm. Bu günə kimi heç kimdən kömək istəməmişəm amma indi yalvarıram mənə kömək edin”.

Samirə Səfərovanın əlillik dərəcəsi ala bilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fondun mətbuat katibi Sevinc Quluzadə bildirdi ki, vətəndaş qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Müəssisə xəstəliklə bağlı forma 88 adlı göndərişi elektron sistemə daxil edir. Bundan sonra göndərişdəki fərdi məlumatlar sistem tərəfindən adsızlaşdırılır. Daha sonra yalnız göndərişdəki tibbi məlumatlar əsasında ekspert vətəndaş kontaktı olmadan əlillik təyin edilib-edilməməsinə dair qərar qəbul edilir.

Samirə Səfərovanın müalicəsinə köməklik göstərilməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq. Qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Rəvanə Əliyeva məsələnin araşdırılacağını Samirə Səfərovaya tibbi köməklik göstəriləcəyini bildirdi. Biz sujeti efirə hazırladığımız zaman Samirə Səfərovanın anası Yaqut Hüseynova APA TV ilə əlaqə saxlayıb artıq TƏBİB tərəfindən qızının Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini bildirdi. İndi bicə qalır Samirənin müalicəsinin tamamlanması.

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın