17:04 17 Oktyabr 2020 563
Ana səhifə Xəbərlər

Ermənilər Ağdamın kəndlərini atəşə tutmaqda davam edir

Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozmağa davam edir.

APA TV-nin yerli bürosunun məlumatına görə, işğalçı ordunun hərbçiləri ötən gecə də cəbhəboyu ərazilərdə gərginlik yaratmağa çalışıb.

Düşmən əvvəlcə Gəncə şəhərinə sonra isə cəbhə rayonlarına top və raket mərmiləri atmağa başlayıb. Ermənilərin ağır artilleriyadan və toplardan atəşə tutduğu yaşayış məntəqələrindən biri də Ağdamın Zəngişalı kəndidir.

Erməni təxribatı nəticəsində kənddə bir neçə evə və təsərrüfata ziyan dəyib. Xoşbəxtlikdən mülkü əhali arasında ölən və ya xəsarət alan olmayıb.

Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb.

- Milyon ədəd belə evlər bir dənə əsgərimizin dırnağına qurban olsun. Əsgərlərimizə heç nə olmasın. Onsuz da hər bir şeyi düzəldəcəyik, öz gücümüzlə. Mənə heç bir kömək də lazım deyil. Şəxsən mən özüm düzəldəcəyəm. Təki müharibə qurtarsın qələbəmizlə. Qurtaracaq da Allahın köməyi ilə. Biz buna əminik, hər birimiz.

- Hal-hazırda iki oğlum cəbhədədir. Bayrağı oraya sancmayınca gəlməzsiniz demişəm. Onda mən fəxr edərəm ki, siz Şuşaya, Xankəndinə, Laçına. Hamısı bizimkidir. Özüm gedəcəyəm oraya gəzə-gəzə. Arzu edirəm ki, oğlanlarım bu bayrağı oraya sancsınlar. Mən də gedib oraları görüm. Həmişə görmüşük, amma indi həsrətini çəkirik, vallah.

- Özüm tək idim. Yoldaş da qonşularla idi, burada. Elə onda gördük ki, düşdü tüstü qalxdı. Allah ordumuza dəyməsin. Allah elimizə-obamıza dəyməsin. Allah Prezidentimizə dəyməsin. Allah hərbiçilərimizə kömək olsun. Yerdə qalanlara nə olacaq evdir də. Belə gəlib, belə də gedəcək. Allah ermənilərə lənət etsin. Əsas odur torpaqlarımız alınsın, ondan sonra canımız qurtaracaq. Hər şey yaxşı olacaq.

Rayonun Qaradağlı kəndi də düşmənin hədəf aldığı ərazilərdən biridir. Lakin törədilən təxribatlara baxmayaraq, kəndlərdə həyat öz axarı ilə davam edir:

- Bu gün bu erməni kəndə hücum edib. Artilleriya ilə bizim kəndi, evlərimizi dağıdıb. Yenə də bizim kəndin camaatı hamısı kənddədir. Bizim güclü ordumuz var. İnanırıq ordumuza. Allah Prezidentimizin canını sağ etsin, inşallah, yaxşı olar. Qələbə çalacağıq, Allahın köməyi ilə.

Hazırda da Ağdam istiqamətində vəziyyət gərgin olaraq qalır. Qeyd edək ki rayonun müxtəlif yaşayış məntəqələrinə bu günə qədər ümumilikdə 8 mindən artıq mərmi atılıb.

Mülki əhali arasında qəlpə yarasından 7 nəfər həyatını itirib, 37 sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 562 yaşayış evi mərmi düşməsi nəticəsində zərər görüb ki, onlardan da 56-sı tamamilə dağılıb. Təsərrüfatlara atılmış mərmi nəticəsində isə 209 baş mal-qara tələf olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın