18:49 07 Dekabr 2019 730
Ana səhifə Xəbərlər

“Ermənilər meyitlərin qızıl dişlərini və üzüklərini çıxarırdılar” - SPİTAK ZƏLZƏLƏSİNDƏN 31 İL ÖTÜR

“7 dekabr 1988-ci il… Saat 11:41… Spitak, Kirovakan, Leninakan (Gümrü) və ətraf şəhərlər güclü titrəyiş və uğultuya qərq oldu. 9 bal gücündə baş verən zəlzələ nəticəsində 30 saniyənin içərisində ermənilərin sonradan gəldiyi qədim türk şəhəri olan Gümrü yer üzündən silindi. Həmin səhərə adi günlərdən biri başlanılsa da, çox keçmədi ki, hələ nə olduğunu başa düşməyən insanlar uçmuş, dağılmış evlərin, binaların altından çıxmağa, küçələrdə yaxınlarını axtarmağa başladı… Şəhər xaos və ajotajın içərində boğulurdu…”

Bü sətirlər həmin günü orada hərbi xidmət keçən və hadisələri öz gözləri ilə görən əsgər Rövşən Zülfüqarovun xatirələrindəndir. 1988-ci ilin may ayında Sovet ordusunda hərbi xidmətə çağırılan Rövşən Zülfüqarov deyir ki, onu əvvəlcə altı ay müddətinə Gürcüstanda hərbi kursa göndəriblər. Daha sonra Ermənistanın Leninakan, indiki Gümrü şəhərində hərbi xidmətə başlayıb. Zəlzələ baş verən günü isə xidməti otağında əsgər yoldaşları ilə təlim keçirmiş: “Birdən televizor başladı əsməyə. Elə bildik ki, kimsə antenasını tərpədir. Amma sonra gördük bütün bina sirkələnir və tavan çökdü. Onda tez qaçdıq həyətə, gördük bütün binalar aşır. Orta məktəbdə oxuyanda deyirdilər ki, zəlzələ olanda elə bil əjdaha nərildəyir. Bax, şəhəri elə nərilti bürümüşdü. İlk növbədə bizi göndərdilər yaxınlıqdakı bağçalara. Orda dağıntının altında qalan uşaqları çıxardırdıq”.

Məktəblərdə və yaşayış evlərində dağıntılar altında qalan insanların çıxarılması göstərişini alan hərbçilər bəzən elə özləri də dağıntılar arasında xəsarət alıblar: “Təkanlar tez-tez təkrarlanırdı. Biz iki nəfər girdik binadan adamları çıxaranda bir də təkan oldu və divar uçub yolu bağladı. Biz qaldıq dağıntının altında. Əsgər yoldaşlarımız gəlib bizi oradan çıxaran müddətdə başımdan ciddi xəsarət almışdım”.

Hadisə şahidi deyir ki, zəlzələdən keçən 3 gün ərzində şəhər əsil xarabalığı xatırladırdı. İnsanlar hələ də ümidlə iri daş lövhələrin altında qalan yaxınlarını qurtarmağa cəhd edirdi. Günlər keçdikcə onların sağ qalma şansı azalırdı. Həmin günlər hava mülayim olduğundan, dağıntılar altında qalan meyitlər tez bir zamanda iylənməyə başlayıb. Əsl cəhənnəm əzabı da bundan sonra yaşanıb: “Şəhərdə aclıq yaranmışdı. Çörək, su çatmırdı. Hərbi səhra mətbəxi vardı. Tez-tez həmin məntəqəyə basqınlar olurdu. Biz də hərbinin gücü ilə onları sıraya düzməyə çalışırdıq ki, ajiotaj yaranmasın. Havalar get-gedə soyumağa başladı. 25-30 dərəcə şaxtalar düşdü. O zaman isti paltar çatışmırdı”.

Yaralıların sayı çox olduğundan, şəhərdə qan çatışmazlığı da yaranıb. Rövşən Zülfüqarov deyir ki, elə ilk qan verənlər də hərbçilər olub. Bütün əsgərlər məcburi şəkildə 250 qram qan verməli olub.

Bütün bunların fonunda qəsibkar erməni xisləti burada da özünü göstərib. Şəhərdə yaranan panika və xarabalıqdan istifadə edən ermənilər öz həmyerlilərinə qarşı qarət və oğurluq etməkdən də çəkinməyiblər: “O zaman biz meyitlərin ağzından qızıl dişlərin, ölən insanların barmağından üzük və qızıl əşyaların necə oğurlandığının şahidi olduq. Hətta vəziyyət o yerə çatdı ki, hərbi vertolyotlardan şəhərin üzərinə xəbərdarlıq kağızları atıldı. O kağızlarda yazılırdı ki, kimə oğurluq və qarət edərsə, həbs olunacaq. Hətta müqavimət göstərəcəkləri halda güllələyə biləcəyimizi də bizə tapşırdılar”.

Zəlzələnin canlı şahidi Rövşən Zülfüqarov deyir ki, hadisədən 31 il keçsə də, orada gördükləri heç bir zaman yaddaşından silinməyəcək. İllər keçməsinə baxmayaraq, bu gün də zəlzələnin fəsadlarını özündə daşıyır. Əsəb sarsıntısı keçirdiyindən, illərlə müalicə alıb.

Qeyd edək ki, zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri bu ölkənin ərazisinə iddia etdiyi Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlıları aparan təyyarə qəzaya uğrayıb. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olub, cəmi 1 nəfər sağ qalıb. Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbləri isə bu günədək aydınlaşdırılmayıb.

İlahə Vəliyeva

Vətən Sadatlı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın