18:04 22 Oktyabr 2020 370
Ana səhifə Xəbərlər

Ermənilər Qəbələni raket atəşinə tutdu – BİR MÜLKİ ŞƏXS YARALANDI

Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edərək cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.

Ermənistan ərazisindən atılan “Skad” tipli raketlər Qəbələ rayonunun Hacıalılı kəndinə, yaşayış evlərinin yaxınlığındakı taxıl sahəsinə düşüb. Xoşbəxtlikdən əhali arasında tələfat yoxdur. Yaxınlıqdakı evlərin dam örtükləri, onların pəncərələrinin şüşələri sınıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Kənd sakinləri döyüş meydanında məğlub olaraq geri çəkilməyə məcbur olan düşmənin bu təxribatının cavabsız qalmayacağını bildirirlər:

- Saat 9-10 radələrində partlayış səsi gəldi. Baxıb gördük ki, 150-200 metr aralıya raket düşüb. İnsan tələfatı yoxdur, amma bəzi evlər dağılıb. Bir nəfər yüngül xəsarət alıb. Allaha şükür, hər şey yaxşıdır. Yaşasın Azərbaycan.

- Belə şeylər bizi qorxuda bilməz. Bundan sonra bizim cəbhəmiz, döyüşçülərimiz daha da aktiv olacaq və öz torpaqlarımızı tezliklə azad edəcəklər. Yaşasın Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu, Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

- Hamı hay-küyə, yığışdı. Sonra gəlib gördük ki, evlərimiz bu vəziyyətdə dağılıb-tökülüb. Yenə də bunlar bizi qorxuda bilməzlər. Çünki bizim orda böyük bir ordumuz var. Onlar ordumuza uduzduğuna görə dinc əhaliyə belə-belə xəsarətlər yetirmək istəyirlər, təxribat törədirlər.

- Mən oturmuşdum, dərs oxuyurdum. Şiddətli partlayış baş verdi. Partlayışla pəncərələrin şüşələri üstümə töküldü və əlimdən xəsarət aldım. Həmçinin anamın da təzyiqi qalxdı. O da zərər gördü bu hadisədən. Biz Ali Baş Komandanımıza, Prezidentimizə güvənirik. Ermənilərdən qorxmuruq. Bu müharibə vaxtı olan şeydir. Hər bir şey ola bilər.

Baş Prokurorluqdan verilən məlumata görə, düşmən həmçinin, Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.

Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın