11:29 17 Noyabr 2020 163
Ana səhifə Xəbərlər

Ermənilərin Araza axıtdığı çirkab suları, “ölü zonaya” çevrilən münbit çay hövzələri... – ARAŞDIRMA

Qəsdən törədilən yanğınlar nəticəsində məhv olan 110 min hektardan çox ərazi, hər gün Araz çayına axıdılan 2.1 milyon kub metr çirkab suyu. “Ölü zonaya” çevrilmiş münbit çay hövzələri, zərərli tullantıların basdırılması yoluyla çirkləndirilən torpaq örtüyü.

APA TV xəbər verir ki, bunlar erməni təcavüzkarlarının Azərbaycan torpaqlarında törətdiyi çirkin əməllərin yalnız bir hissəsidir. Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyir ki, məhv edilən endemik bitki və canlı növləri isə təkcə Azərbaycan təbiətinə ziyan vurmur: “Təbiətdə ümumiyyətlə bir-biri ilə bağlılıq vardır, təbiət bütövdür. Yəni, Antraktida materikində hansısa dəyişmə baş verirsə, onu Azərbaycan təbiəti hiss edir. İndi siz təsəvvür edin ki, 30 ilə yaxın bir müddətdə həmin işğal edilmiş ərazilərdə ermənilərin törətdiyi ekoloji faciələr nəinki Azərbaycanın digər ərazilərinə, Ermənistanın özü üçün, bütöv Qafqaz regionu üçün İran üçün, Türkiyə üçün çox böyük problemlər yaradır.”

Sözügedən ərazilərdə həm də çox zəngin su ehtiyatları var.

Müsahibim deyir ki, həmin çaylar yeraltı sularla qidalandığından digər bölgələrdən fərqlənir. Həmin yeraltı sular isə çaylarımızın sabit su ehtiyatlarının qorunması üçün vacibdir: “Məsələn, Kür çayında bu il yaranan ciddi ekoloji problemlərin bir kökü də Ermənistanın işğal edilmiş ərazilərdəki Araz çayına, Həkəri, Tərtər çaylarına törətdikləri ekoloji təcavüzdür. Mineral ehtiyatları sən düzgün mənimsəməyəndə o istər-istəməz səth axınına təsir edir, çayların axını pozulur. Məsələn, böyük su ehtiyatları olan, heç vaxt ziyan çəkməyən Qarabağ düzündə, Mil düzündə bu il əkinçilərimiz, kənd təsərrüfatı işçilərimiz əziyyət çəkdi.

Mövzu ilə bağlı fikir bildirən rəsmilər beynəlxalq təşkilatların diqqətini məsələyə cəlb etmək barədə həmfikirdir.

Deputat Cavid Osmanov deyir ki, bu bir vandallıqdır: “Bu, Ermənistanın uzun müddət öyrəşdiyimiz barbarlığının nümunəsidir. Bilirsiniz, burada beynəlxalq təşkilatlar bu məsələyə artıq çox ciddi qarışmalıdırlar. İkili standartları qoymalıdırlar kənara. Burada söhbət insaniyyətdən gedir, söhbət ləyaqətdən gedir”.

Deputat Tural Gəncəliyevin sözlərinə görə, bu məsələ beynəlxalq təşkilatların diqqətinə çatdırılacaq: “Bu ekoloji terror olduğuna görə, biz ölkə olaraq, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bu məsələni beynəlxalq təşkilatların diqqətinə çatdırmışdıq, bir daha çatdıracağıq. Ermənistan törətdiyi bu hərəkətə görə, beynəlxalq məhkəmələrdə cavab verməlidir. Bunu törədən şəxslər, Ermənistanın hərbi rəhbərliyi həm müharibə nəticəsində ölkəmizə vurduğu zərərə görə, həm də flora və faunaya vurduğu zərərə görə cavab verməlidir”.

Sirr deyil ki, Ermənistanın törətdiyi bu pozucu fəaliyyət beynəlxalq səviyyədə ekoloji cinayət hesab olunur. Münaqişə tərəflərindən birinin və ya hər ikisinin ratifikasiya etdiyi konvensiyalara gəldikdə isə hüquqşünas Şamil Paşayev bir neçə konvensiyanın olduğunu deyir: “Buna misal olaraq 1993-cü il UNESCO-nun “Mədəni və təbii irsin qorunması” haqqında konvensiyanı biz götürə bilərik, Avropada canlı təbiətin və təbii mühitin qorunması haqqında Avropanın Berlin konvensiyasını götürə bilərik, su quşlarının yaşama yerlərinin pozulmasıyla bağlı Ramsar konvensiyasını götürmək mümkündür, Avropa Landşaft konfensiyasını götürmək mümkündür. Avropa və BMT-nin sərhəddən keçən su axınlarının mühafizəsi və istifadəsinin pozulması haqqında konvensiyanı götürmək mümkündür”.

Dağıtmaq sözsüz ki, qurmaqdan asandır. Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov deyir ki, söhbət milyon illər boyu formalaşan mükəmməl tarazlıqdan gedirsə, onu olduğu kimi bərpa etmək nə dərəcədə mümkün olacaq?: “Təbiəti olduğu kimi bərpa etmək çox müşkül məsələdir. Çünki orda olan təbii sistem milyon illərlə yaranıb. Sən onu 30 ildə məhv etmisən, mən onu milyon illər ərzində formalaşdığı kimi bərpa edə bilmərəm. Amma təbiətdə müəyyən dəyişikliklər, müəyyən ekoloji tarazlıqları qorumaq mümkündür”.

Araşdırmalara görə, təkcə Kür-Araz ovalığına dəyən ziyanın aradan qaldırılması üçün 20 milyard dollardan artıq maliyyə tələb olunur. Bəs bununla bağlı hər hansı təzminatdan söhbət gedə bilərmi?

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, Beynəlxalq səviyyədə biz buna qarşı təzminat aça bilərik və buna heç bir əngəl yoxdur: “Bəzi mənbələrdə bununla 170 milyard dollardan artıq Azərbaycana ziyan vurduğu bildirilir. Beynəlxalq səviyyədə biz buna qarşı təzminat aça bilərik və buna heç bir əngəl yoxdur. Bunu vətəndaşlarımızın da etdiyi olub. Çıraqov qardaşlarının Ermənistana qarşı işində Avropa məhkəməsi hesab etmişdir ki, bu sırf Ermənistanın Azərbaycana vurduğu zərərdir. Və bütün öhdəliklər birmənalı olaraq Ermənistan respublikasının üzərinə qoyulur”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərmanlar verilir. Əlbəttə, yaxın günlərdə tədqiqatlar aparılacaq və bölgənin ekoloji tarazlığının qorunması, bərpa olunması, onlardan səmərəli istifadə edilməsi üçün bütün tədbirlər görüləcək.

İslam Qədirli,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın