17:59 18 Oktyabr 2020 114
Ana səhifə Xəbərlər

Ermənilərin atdığı top və raket mərmiləri Ağdam və Tərtərin kənd məzarlıqlarını dağıdıb

Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri təxribatçı əməllərini davam etdirərək əhalinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, işğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən terrorçu dövlətin silahlı qüvvələri müqəddəs ocaqlarımızı, qəbiristanlıqlarımızı da hədəf alırlar.

Ermənilər bu gün Ağdamın Əhmədağalı-Çıraqlı, Xındırıstan-Paşabəyli, Tərtərin Qapanlı- Qarağacı kənd məzarlıqlarını ağır artilleriyadan atəşə tutublar.

Ağdam rayon sakini Oruc Abbasov düşmən təxribatı nəticəsində 60-a yaxın qəbirin dağıldığını deyir: “Gəlmişik qəbiristanlığı ziyarət etməyə. Baxdıq ki, qəbirlər tamamilə dağılıb. Toplarla, raketlərlə, mərmilərlə qəbir daşlarını qırıblar, yerlə bir ediblər qəbiristanlığı. Ən azından burda 50-60 dənə qəbiri dağıdıblar”.

Niyazi Əliyev də qəbiristanlığın erməni vandalları tərəfindən dağıdıldığını deyir: “Qəbirlər dağılıb. Erməni vandalları bu qəbiristanlığı bu günə qoyub. Biz bu terrorçulardan qorxmuruq. Bizim bu cür dövlətimiz, Ordumuz, Prezidentimiz var. Biz də öz canımızla qanımızla Prezidentimizin yanındayıq. Nə cür lazım olsa erməni vandallarına qarşı vuruşmağa hazırıq”.

Düşmənin təxribatçı əməlləri bununla da bitmir. Belə ki, ötən gün gecə saatlarında Ağdam və Tərtərin atəşə tutulması nəticəsində Ağdamın Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Həsənov yaralanıb.

Tərtər rayonunun Qarağacı kənd sakini Asif Abdullayev qonşusu İlham Hüseynovun evinə düşən mərminin dağıntılara səbəb olduğunu bildirir: “Bura qonşumuz İlhamın evidir. 15-20 dəqiqə bundan əvvəl bura mərmi düşüb. Kənd hamısı yerindədir. Biz belə şeylərdən qorxmuruq”.

Hazırda Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağda davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın