15:24 18 Oktyabr 2020 111
Ana səhifə Xəbərlər

Ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dağılan evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın