10:33 21 Yanvar 2021 210
Ana səhifə Xəbərlər

Əsgərini xilas edərkən şəhid olan komandir - REPORTAJ

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Sumqayıt şəhər sakini baş leytenant Mikayıl Məmmədzadədir.

APA TV-nin xəbərinə görə, 1994-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olan Mikayıl Məmmədzadə hələ uşaq yaşlarından vətənə xidməti özünə hədəf seçir.

Arzuladığı peşəyə yiyələnmək üçün hərbi təhsil alır. Təhsilini başa vurduqdan sonra xidmətə başlayır. Xidməti dövründə bir sıra təltiflərə layiq görülür. Vətən Müharibəsinin ilk günlərindən döyüşə atılan baş leytenant Mikayıl Məmmədzadə Suqovuşan istiqamətində gedən qızğın savaşda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir.

Sentyabrın 28-dən Mikayıl Məmmədzadədən xəbər almaq olmur və o, itkin düşmüş sayılır. Bir gün sonra isə Mikayılın ailəsinə onun şəhid olduğu bildirilir. Lakin onun nəşi döyüş zonasında qaldığından, götürmək mümkün olmur. Düz 87 gündən sonra onun nəşi Murovdağ silsiləsi ətrafında aşkar edilir. Məlum olur ki, Mikayıl Məmmədzadə minaya düşən əsgərini xilas etmək istəyərkən özü də minaya düşür. Əsgər xilas ola bilsə də, baş leytenantı xilas etmək mümkün olmur və o şəhid olur.

Anası Zülfiyyə Məmmədova deyir ki, oğlunun şəhid olacağını əvvəlcədən hiss edirmiş: “Ayın 26-sı sonuncu onunla danışdıq. Saat 12 olardı. Dedi ki, mama, bizə daha zəng çatmayacaq, döyüşə yollanırıq. 26-sı sonuncu eşitdiyim səs idi. 28-i səhəri günü bütün günü işdə qərar tutmadım. Zəng vurdum yoldaşıma ki, haradasan? Dedi, evdəyəm. Dedim, niyə evdə oturmusan, get uşaqdan bir xəbər bil, soruş. Düzdür, Elvindən xəbər alırdıq hərdən. Amma özünün səsini eşitmək istəyirik. Həmin günü mən məktəbdə qərar tutmadım. Qarşıma çıxan insanlar dedi ki, sənə nə olub? İndi iş yoldaşlarım bizə gəlib deyir ki, doğrudan sən hiss eləmişdin həmin günü. Tamam başqa bir hiss var idi içində. 29-u axşam saat 8-də onun şəhidlik xəbərini bizə dedilər”.

Atası İlqar Məmmədov deyir ki, oğlu əsgərlərini xilas edərkən minaya düşüb:

“Onlar Camışdağ ətrafında qızğın döyüşdə oldular. Hətta, necə deyim, oğlum orda çox qəhrəmanlıqlar göstərdi. Onun yanındakı dostları mənə çox danışdılar Mikayıl haqda. Bir komandir kimi o, nəyi var idisə, öz əsgərlərinə ürəyincə eləyə bilirdi. Bəs 29-u günü eşitdim ki, oğlum şəhid olub qəhrəmancasına. Və çox axtardım. Öyrəndim onun MAXE-sindən, onunla əlaqə saxladım. Soruşdum axır sözü nə oldu. O da mənə nə lazım idisə, danışdı. Dedi, dayı, o, çox qəhrəmancasına həlak oldu. Mən minaya düşdüm. Komandirim mənə kömək edəndə o da minaya düşdü”.

Şəhidin bacısı Elnarə Cəlilova hələ də qardaşının yoxluğuna inanmır: “Cənazə də gəldi, mən ona da inanmadım. Hələ də gözüm yoldadır. Nə nömrəsini silə bilirəm, SMS yazıram gecələr, qızımın şəkillərini atıram. Axırıncı dəfə avqustun 25-i gördüm. Qızımın 2 aylığı tamam idi. Gəldi, tort almışdı. Üstünə yazdırmışdı ki, “Həyatımıza xoş gəldin, Elisa”. Oyuncaq almışdı. O qədər sevinirdi, xoşbəxt idi. Mikayıl adı gələndə “qəmli gözlü oğlan” deyə tanıyırdılar. Onun gözləri heç vaxt gülməyib. Bu səfər gülürdü, çox sevinirdi. Gəldi qızı qucağına aldı, dedi, ay Allah, Eliş, bunu gözü mənim gözlərimə oxşayır”.

Mətin üçün qardaşı Mikayılı itirmək ağırdır, onunla bağlı xatirələrini unuda bilmir: “Hamı soruşurdu nə oldu, niyə tapılmır. Cavab verə bilmirdim, deyiləsi sözüm yox idi. Telefonlarını heç kimin açmırdı. Bir dənə də saatım var idi mənim. Gördüm ki, xoşu gəlir, dedim ki, sənə verirəm. Mən saat taxmağı xoşlamıram. Həmişə ən sevdiyi əşyası idi. Hər yerə onu taxırdı. Döyüşə gedəndə də onu taxmışdı. Amma nəşinə gedib baxanda gördüm ki, o saat qolunda yoxdur. Bilmirəm açılıb düşmüşdü, yoxsa kimsə götürmüşdü. Çox istəyərəm ki, o saatı tapım. Ən dəyərli əşyası idi. İstəyirəm ki, ən dəyərli əşyasını ömrümün axırına qədər yadigar saxlayım”.

Şəhid baş leytenant Mikayil Məmmədzadə dekabrın 28-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

SUMQAYIT

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın