12:01 30 Noyabr 2020 189
Ana səhifə Xəbərlər

Əsir düşməmək üçün ermənilərlə birlikdə özünü də partlatdı - REPORTAJ

Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Uşaqlıqdan gülərüz, mərd və çalışqan olan Elnur da işğal altında olan torpaqlarımızın azadlığı uğurunda Vətən Müharibəsi başlayan zaman da döyüşlərə qatılır

Qardaşı Qorxmaz Qarayev deyir ki, işdən çıxıb döyüşə yollanıb: “Sumqayıtda işləyirdi. Ayın 20-si işdən çıxıb gəldi. Sağollaşıb çıxıb getdi. İki gündən bir danışırdıq haradadır, necədir. Düzdür, yer demirdi, amma danışırdıq. Deyirdi irəliləyirik, hər şey yaxşıdır. Bir dəfə də Xocavənddə mühasirəyə düşmüşdü. Özü təkbaşına çıxmışdı”.

Bundan sonra da ailə üzvləri Elnurla tez-tez əlaqədə olur. Bütün danışıqlarda isə yalnız bir sözü deyib: “Mənə görə narahat olmayın. Hər şey yaxşıdır. İrəliləyirik”

Atası Qalib Qarayev deyir ki, Elnur tez-tez onlarla əlaqə saxlayırmış: “Ağcabədidə oldu, Xocavənddə oldu. Ağdərədə oldu. Harada olsa, zəng edirdi. Bir gün olmasa da, iki gündən bir zəng edirdi. Sonra bir müddət zəngi gəlmədi. Kimdən soruşduqsa, dedilər, irəlidədir. Özü danışacaq”.

Elnurun döyüş yolu çətin olduğu qədər də şərəfli olur. İşğal altındakı rayon və kəndlərimizin azad olunması uğrunda qanı-canı bahası ilə döyüşür. Noyabrın 13-də doğum günü olmasına baxmayaraq, onunla əlaqə saxlaya bilməyiblər. Qalib Qarayev bundan sonra ailənin narahatlıqlarının artdığını bildirir: “Ayın 13-də ad günü idi. Haçan olsa, zəng etməli idi. Eləmədi, zəngi gəlmədi. Zəngi gəlmədikdən sonra başladıq hər yeri axtarmağa”.

Bir neçə gün sonra Elnur qardaşı Qorxmaz Qarayevə zəng edir. Lakin bu zəng qardaşının gözlədiyi kimi olmur. Belə ki, Elnur komandiri ilə birlikdə mühasirəyə düşdüyünü, buradan çıxmalarının mümkün görünmədiyini deyir: “Noyabrın 2-si zəng elədi ki, mühasirəyə düşmüşəm. Anamın, atamın son dəfə səsin eşitmək istəyirəm. Mən də işdən çıxmışdım. Səsini eşitdirməyə çatdıra bilmədim. Dedi, anam, atam haqlarını halal eləsinlər. Çox dedim, ürək-dirək verdim ki, sizin 2 nəfəriniz onların bir ordusuna bərabərdir, səbirli olun. Dedim, bəlkə məni eşidər, belə etməz. Dedi, yox, artıq gecdir. Dediyi kimi də elədi. Özünü də, erməniləri də partlatdı”.

Anası Mahirə xanım isə övladı ilə fəxr etdiyini deyir: “O, tarixə yazılan oğuldur. Onun həm böyüklüyü, həm uşaqlığı... Yox, getməyi tam özü istədi. Dedi, mən qalmaram, getməliyəm. Qollarını çırmaladı, dedi mən daya bilmərəm”.

Bir il əvvəl ailə həyatı quran Elnurdan altı aylıq Zəhra adlı bir qız övladı yadigar qalıb. Elnur Qarayev noyabrın 18-də Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin.

Əlibəy Zeynallı

Elçin Həsənov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın