17:25 03 May 2021 137
Ana səhifə Xəbərlər

Əsir düşməmək üçün sonuncu gülləsini özünə sıxdı - REPORTAJ

Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan mayor Anar Elşad oğlu Məmmədovun doğum günü məzarı başında qeyd olunub.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabad rayonunun Cavad kəndində keçirilən mərasimdə şəhidin əmisi tərəfindən yazılan “Vətən Müharibəsinə gedən yol” kitabının da təqdimatı olub.

Anar Məmmədov 2 may 1986-cı ildə Sabirabad şəhərində anadan olub. Orta məktəbdə əla qiymətlərlə oxuyan Anarın uşaqlıq arzusu zabit olmaq olub. Elə bu arzusunun ardınca gedərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda döyüşüb. Yaralansa da, bir gün hospitalda müalicə aldıqdan sonra yenidən döyüşə qoşulub. Əmisi Adıgözəl Məmmədov yazdığı kitabda Anarın qəhrəmanlıqlarını da qələmə alıb: “Anar müharibə başlayanda bir dəfə yaralanıb. Təsəvvür edin, yaralı vəziyyətdə hospitaldan sağlam olduğunu bildirərək tərxis olunur və yenidən döyüş bölgəsinə yollanır. Deyir ki, mən döyüş yoldaşlarımdan kənarda qala bilmərəm. Anar döyüşdə əsgərlərinin əsir düşməməsi üçün bir yol açıb onları xilas edir, özü sona qədər döyüş bölgəsində qalır və vuruşa-vuruşa şəhid olur”.

Anar hərbçi yoldaşları arasında çox böyük nüfuza malik olub. Son tikəsini yoldaşları ilə bölən Anarı hərbçi yoldaşları əsl dost kimi xatırlayırlar: “Anar vətəni sevən, çox gözəl insan olub. Özündən keçərdi qoymazdı ki, dostu əziyyət çəksin. Pis gündə, yaxşı gündə bir yerdə olmuşuq. Hərbi hissədə suyumuz olmayıb, Anar gedib bizə su tapıb gətirib. Əsgərlərə komandir yox qardaş, ata, əmi olub”.

Anargil ailədə 3 qardaş olublar. Qardaşı Tural üçün Anar haqqında danışmaq çox çətindir: “Elə bil qardaş gəlməyib və gəlməyəcək də. Ayın 18-nə qədər danışırdıq. Axırıncı dəfə Hadrutda olanda danışmışıq. Ondan sonra əlaqə kəsilib. Göstərdiyi qəhrəmanlığı həyatda bildirməyib heç vaxt. Amma döyüşdə göstərdi öz qəhrəmanlığını, şücaətini. Bilmirdik bu qədər vətənə bağlı olmağın”.

Üç oğul böyürmüş Sevda xanım üçün oğlu Anar haqqında keçmiş zamanda danışmaq çətin olsa da, onunla fəxr etdiyini deyir: “Anar haqqında çox danışa bilərəm. Çox ağıllı uşaq idi. Əlaqə saxlayırdıq tez-tez hər gün demək olar ki. Axırıncı dəfə oktyabrın 18-də danışdıq. Hal-əhval tutdum, sağollaşdım. Bir daha ona zəng çatmadı, danışa bilmədim”.

Anar həm də gözəl ata və gözəl həyat yoldaşı olub. Həyat yoldaşı Nəzrin xanım onunla birgə yaşadığı 12 ilini ömrünə qızıl hərflərlə həkk etdiyini deyir. Nəzrin 1992-ci il fevralın 6-da şəhid olan, ailənin tək oğul övladı Heydər Həmidovun qızıdır. Birinci Qarabağ müharibəsində atası şəhid olan Nəzrin xanım atasız böyümənin acısını, ağrısını bildiyindən Anara deyirmiş ki, elə et qızların atasız böyüməsin, mən bunun nə olduğunu bilirəm. İndi bu evdə Anarın 8 yaşlı Zeynəb, 4 yaşlı İmamə adlı qızı böyüyür: “Anar haqqında dastanlar danışa bilərəm. Anar çox gözəl insan, ailə başçısı, əvəzolunmaz dost idi. Anar həm də çox gözəl ata idi. Mən özümü Anarsız təsəvvür eləmirəm. Anar çox şərəfli, peşəkar zabit idi. Əslində döyüş yolu uzun olub, müxtəlif yerlərdə xidmət eləyib. Sonuncu dəfə Beyləqanda xidmət edib. Müharibə başlayanda şəhid olmamışdan 4 gün qabaq evə gəlmişdi. Ona sual verdim ki, necə olacaq, qorxuram, vəziyyət çətindir, sənə görə qorxuram. Dedi, Allah qoruyacaq narahat olma. Sual verəndə heç kefi yox idi, deyirdi gözümün qabağında silah yoldaşlarım şəhid olub, mənim kefim necə ola bilər?”

Anarla fəxr etdiyini deyən Nəzrin Məmmədova onun vətənini çox sevdiyini deyir: “Anarla mən 12 il yaşadım, amma əsl ömür yaşadım. Anar mənim fəxarət hissimdi. Uşaqlıqdan mən necə atamla fəxr eləmişəm, mən şəhid Heydər Həmidovun qızıyam, fəxarətimin üstünə növbəti bir fəxarət gəldi. Mən Anarla qürur duyuram. Nə yaxşı ki, mən Anarın yoldaşıyam”.

Şəhidin yoldaşı deyir ki, onunla axırıncı dəfə oktyabrın 17-si danışıb: “Oktyabrın 1-2-si yaralanıb, Füzuli Diaqnostika Mərkəzində bir gün qalıb, ondan sonra bizim heç birimizin ondan xəbərimiz olmayıb. Hətta mən belə bilmədim ki, yaralanıb. Qayıdıb döyüşə. O, qərargah rəisi idi, döyüş zamanı onu tabor komandiri qoydular. Hadrut-Tuğ istiqamətində, Tuğ kəndində şəhid olub. Döyüşdə bütün sursatını istifadə edib, sonuncu gülləsini özünə saxlayıb. Qardaşlarım mənə sual verdilər ki, bəlkə Anar əsir düşüb? Mən dedim, Anar heç vaxt əsr düşə bilməz, Anar özünü öldürər, ancaq əsir düşməz. Çünki həmişə mən onun formasını yuyanda cibindən bir dənə güllə çıxırdı. Hər zaman mən artıq adət etmişdim, bilirdim ki, cibində bir gülləsi var. Gülləni formanın cibindən çıxarmaq lazımdır. Həmişə də soruşurdum ki, Anar, bu nədir, qoyma da cibinə, deyirdi o zabitin şərəfidir. Anar qəhrəman idi”.

Yaralandıqdan sonra mayor Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, əsir düşməmək üçün axırıncı gülləsini özünə sıxaraq şəhid olub. Noyabrın 23-də Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Prezidentin sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın