15:20 22 May 2018 3417
Ana səhifə Xəbərlər

Eskalatordan istifadə edərkən ləngiməyin! - REPORTAJ

Hərəkətli pilləkənlər və ya eskalatorlar... Metronu onlarsız təsəvvür etmək qeyri-mümkündür. Gündəlik ictimai nəqliyyatdan tez-tez istifadə edənlər üçün eskalatorları əvəzsiz nəqliyyat xidməti növü adlandırsam, yəqin ki, yanılmaram. Evimizə gedən yol dolayısı ilə eskalatorlardan keçir desəm, mübaliğə etmiş sayılmaram.

İnsanları " yer altı dünyaya" aparan hərəkətli pilləkənlər ilk görünüşdən sadə mexanizm ilə çalışırmış təsəvvürü yaratsa da, əslində böyük işçi qüvvəsi hesabına çalışır.

Bura eskalator stansiyasının maşın zalıdır. Eskalatorların idarə olunması, işə salınması, həmçinin onlar üzərində bütün texniki nəzarət buradan həyata keçirilir.

Eskalator xidmətinin baş mühəndisi Vasif Dadaşov deyir ki, əslində pilləkənlər ciddi mexanizmlərin sistemli hərəkəti sayəsində "yeriyir":

"İlkin görünüşdə gördükləriniz pillələrdir, dartı zəncirləridir, gediş yollarıdır. Və eskalatorların dövri olaraq hərəkətdə olmasını görürsünüz. Gördüyünüz kimi hazırda əsas mühərrik vasitəsilə işləyir və sürətli reduktur və ötürmə edir"...

Metropolitendə eskalatorlar keçidlərdə və tunellərdə quraşdırılır.

"Qalxma hündürlüyü 4 metr olan stansiyalardan başlayaraq yuxarı istiqamətdə sərnişinlərin daşınması üçün eskalatorlar olur. Qalxma hündürlüyü 5 metrdən yüksək olduqda isə həm yuxarı, həm də aşağı istiqamətdə eskalatorlar quraşdırılır. Metropolitenin keçidlərində isə 5,5 metrdən yüksək hündürlüklərdə eskalatorların quraşdırılması nəzərdə tutulur".

Eskalatorlara metropolitenin daxilində yaradılmış eskalator xidməti nəzarət edir. Eskalatorlar gündəlik daimi olaraq tənzimlənir. Eskalatorlardan biri hər zaman işləməyə hazır vəziyyətdə ehtiyatda saxlanılır. Digər aşağı və yuxarı istiqamətdə hərəkətdə olan iki eskalator isə sərnişinlərin ixtiyarına verilir. İşlək eskalatorların dayandırılması da növbə ilə aparılır. Bu zaman texniki qulluq cədvəlinə uyğun olaraq eskalatorlara baxış keçirilir.

Bakı Metropolitenində SSRİ dövründə istehsal olunmuş eskalatorlarla yanaşı, Almaniya istehsalı eskalatorlardan da istifadə olunur.

"Bura Almaniya istehsalı eskalatorların maşın zalıdır. Bu eskalatorların sovet istehsalı eskalatorlarından fərqli cəhəti ondan ibarətdir ki, bu eskalatorlar, sərnişin daşınmasında daha müasir və daha keyfiyyətli standartlara cavab verirlər. Və burda gördüyünüz bütün proseslər avtomatlaşdırılmış qaydada həyata keçirilir. Hətta eskalatorların dartı zəncirlərinin yağlanma prosesi də gördüyünüz yağlanma qutusu vasitəsilə avtomatlaşdırılmış formada icra edilir".

Parametrlərinə görə, Bakı Metropolitenində ən uzun eskalator Şah İsmayıl Xətai stansiyasında yerləşir. Bakı Metropolitenin bəzi stansiyalarında eskalatorlarla yanaşı, həm də pilləkənlərdən də istifadə olunur.

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev stansiyaların müəyyən fərqlərə görə təsnifatlandığını deyib:

"Bizdə dayaz özüllü və dərin özüllü stansiyalar var. Məsələn "Gənclik" stansiyası dayaz özüllü stansiyadır. Orada pilləkənlərdən istifadə olunur, eskalatorlara ehtiyac yoxdur. Amma "28 May", "Elmlər Akademiyası", "Sahil", "İçərişəhər" stansiyaları dərin özüllü stansiyalar adlanır və onlarda eskalatorlardan istifadə olunur" .

"Demək olar ki, hər gün eskalatorlardan istifadə edirik. Tez-tez xəbərdarlıq anonsu eşitməyimizə baxmayaraq, yenə də təhlükəsizlik qaydalarına əməl etmirik".

Eskalatorlar həm də davranış qaydalarının ən çox pozulduğu yerdir. İnsanlar qaydalara bəzən bilmədən, bəzən də bilərəkdən tabe olmurlar.

Qurumun mətbuat katibi bildirir ki, bəzən eskalatorda sərnişinləri qorxuya salan ani narahatlıqlar yaranır. Bunu da çox vaxt elə sərnişinlərin özləri ya qəsdən, ya da ehtiyatsızlıqdan törədirlər.

"Sürahinin üzərinə əşya qoymaq olmaz. İnzibati Xətalar Məcəlləsinə əsasən, sürahinin üzərinə əşya qoymağa görə cərimə nəzərdə tutulur. Gördüyünüz kimi bu rezindir. Əgər bunun üzərinə ağırlıq düşərsə, eskalatorun hərəkəti tamamilə dayanır. Və ən çox rastlaşdığımız hal fırçalardır. Sərnişinlər bu fırçalardan ayaqqabılarını təmizləmək üçün istifadə edirlər, amma bu onun üçün deyil. Divarla eskalatorların pillələri arasında müəyyən bir boşluq var. Bu boşluq hər hansı kənar bir əşyanın düşüb eskalatorun pilləsini zədələməməsi üçündür".

İctimai nəqliyyat növlərindən asılı olmayaraq, hər zaman, hər yerdə qaydalara əməl olunmalıdır. Nə özümüzü, nə də digər insanları təhlükə altında qoyacaq hərəkətlər etməməliyik. Keçid üçün sol tərəfi boş saxlamaq da elə davranışlarımızı nəzarətdə saxlamaqdan başlayır.

Müəllif | Apa.Tv

Leyla Behbudlu

Kodu kopyalayın