19:20 06 Dekabr 2019 73
Ana səhifə Xəbərlər

ETSN: Azərbaycanda bir gündə 650 mindən çox ağac əkilib

“Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib”.

APA TV-nin xəbərinə görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.

O bildirib ki, bir gündə 650 mindən çox ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi:

“Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür. SOCAR əməkdaşları 100 min ağac əkib. Hətta 12 min ağac əkilməsi üçün gəmi ilə Çilov adasına göndərildi. Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki, həmin ağaclara diqqət və qayğı daimi olsun".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib ki, ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq, minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulması həqiqətən fəxr ediləsi hadisədir:

"Bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqləndi”.

İradə İbrahimova qeyd edib ki, bu payız mövsümündə ağac əkilməsi tədbirləri bundan sonra da bütün regionlarda davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın