12:40 10 Dekabr 2019 301
Ana səhifə Xəbərlər

“EuroHome”dakı yanğın belə söndürüldü - HADİSƏ YERİNDƏN

Bakı-Sumqayıt yolunda, Ekologiya postu yaxınlığında yerləşən “Eurhome” tikinti materialları bazarında səhər saatlarında başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə şahidlərinin APA TV-yə bildirdiyinə görə, yanğın səhər saat 8 radələrində başlayıb. Əraziyə FHN Yanğından Mühafizə bölmələrinin 200-ə yaxın canlı qüvvəsi və 40-a texnikası cəlb edilib. Yanğına nəzarət etmək çətinləşdiyi üçün ticarət mərkəzi üzərinə 3 vertolyot və 1 təyyarə qaldırılıb: “Orta hesabla 90-100 min manata qədər ziyan dəyib. Ələ gələsi bir şey yoxdur. Dam örtüyü satırdıq. FHN bu hadisədə yaxşı iştirak etdi, heç bir can itkisi yoxdur, mal-mülk itkisi var. Mağazalar çox tez yandı. Yarım saat ərzində 6-7 dükan artıq yanırdı. Səbəb yəqin ki, qısaqapanma olub”.

“Saat 8, 9-a işləmiş işə gəlirdim, qonşu zəng elədi ki, bazar yanır, tez gəl, mallarını çıxar. Xəsarət alanlar barədə məlumatım yoxdur, bir onu bilirəm ki, heç nə çıxara bilmədik, bircə qonşu mağazadan malları çıxara bildik”.

Yanğın zamanı baş verən partlayış nəticəsində mağaza sahiblərinin avtomobillərinə və yaxınlıqdakı obyektlərə də ciddi ziyan dəyib: “Yolun qırağında saxlayıb köməyə gəlmişdik, dükanımız yanırdı. Əvvəlcə 3-4 dükan yanırdı, böyük yanğın yox idi, inanmırdıq belə bir yanğın ola. Gəldik ki, malımızı çıxaraq, 80 minlik malımız vardı içəridə, 5-10 minlik malı çıxardıq, ya çıxarmadıq. Maşınımız yanıb yolun qırağında. FHN-in köməyi ilə itələdik çıxartdıq yolun qırağına. ”

Hadisə yerinə gələn Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, yanğın sürətlə yayıldığı və miqyası böyük olduğu üçün yanğını tam nəzarətə götürmək çətin olub: “3-cü çağırışla bizim texnikalarımız yanğın ərazisinə doğru hərəkətə başlayıb. Yanğın 3 saat yarımdan artıq davam edib, artıq məhdudlaşdırılıb, ilk vaxtlarda su çatışmazlığı var idi. Bunun qarşısını almaq üçün 3 helikopter, 1 təyyarə havaya qaldırdıq. İndiyə qədər yanğın ərazisinə 150 tona yaxın su tökülüb. Mənə verilən məlumata görə, yanğının sahəsi 21 min kvadrat metrdir. Yanğının səbəbləri hazırda araşdırılır, ətraflı məlumat veriləcək”.

Yanğını tam nəzarətə götürmək üçün Bakı-Sumqayıt yolunda hərəkət bir müddətlik məhdudlaşdırılıb.

Yanğın zamanı 6 nəfərə yerində tibbi yardım göstərilib, 2 nəfər isə tüstüdən zəhərləndiyi üçün 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Səfər Əlizadə, Əli Ələkbər APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın