10:24 16 Mart 2021 100
Ana səhifə Xəbərlər

“Eurovision” mahnımızın “Mata Hari”si: dünyanın ən böyük qadın casusu

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən qeyd edib ki, “Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq".

Bəs mahnının mövzusu olan Mata Hari kimdir?

APA TV xəbər verir ki, əsl adı Marqarita Qertruda Zell olan Hari 7 avqust 1876-da Niderlandda anadan olub. Papaqçı olan atası başqa bir qadın üçün evi tərk edəndən qısa bir müddət sonra anasını da itirir və həyatın bütün çətinlikləri ilə üz-üzə qalır.

1895-ci ilin martında, 19 yaşında olarkən məşhur bir qəzetdə gördüyü elan onun həyatını dəyişdirir. Şotland əsilli Rudolf MacLeo 20 ildir Hollandiya müstəmləkələrindən olan İndoneziyada yaşayırdı və özünə uyğun həyat yoldaşı axtarırdı. Əslində elan Rudolfun yaxın dostlarının zarafatı olsa da, elana 16 nəfər cavab verir ki, Marqarita da bunlardan sonuncusu idi. Elanın cavabına qoyduğu şəkil Rudolfun diqqətini cəlb edir, bir-birinə məktublar yazdıqdan qısa müddət sonra evlənirlər. 1 may 1897-ci ildə İndoneziyaya gedən bir gəmi ilə yeni həyata yelkən açırlar.

Almaniya kəşfiyyatı Birinci Dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəlir. Birinci Dünya savaşından bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq, onu özlərinə işləməyə razı sala bilirlər. Mata Almaniyanın bir kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrənir. Onun adı Almaniya kəşfiyyatında "H21" kodu ilə qeyd edilir.

Matanın israrla tanışlarına ünvanladığı suallara cavab almaq istəməsi Fransa kəşfiyyatının diqqətini cəlb edir. Fransa kəşfiyyatı, nəhayət, Mataya almanların bəzi sirlərini öyrənməyi təklif edir. Mata buna etiraz edir və onun üçün fransız kəşfiyyatı xüsusi kurs keçir. Lakin fransızlar ona inana bilmir və şübhələnirlər. Ona görə də Matanı yoxlamaq üçün Belçikaya göndərirlər. Orada o, 6 fransız casusu ilə əlaqə yaradacaqdı. Bununla da Matanın Almaniyaya casusluq etdiyini sübut etmək mümkün olur. Belə ki, Matanın görüşdüyü 6 fransız casusu iki həftədən sonra almanlar tərəfindən ələ keçirilir və güllələnir. Beləliklə, Matanın taleyi həll edilmiş olur.

İngilis kəşfiyyatı da Matanın almanlara işləyən Klara Benediks adlı casus olduğunu düşündüyü üçün Matanın hər addımını nəzarət altına alır. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual edir. Ancaq məlum olur ki, onun Klara Benedikslə heç bir əlaqəsi yoxdur. Mata almanlara işləməsi barədə deyilənləri rədd edərək, rəqqasə bir qadının belə işlərlə məşğul olmasının mümkün olmadığını söyləyir. Matanın almanlara işləməsi barədə hər hansı fakta malik olmayan ingilis kəşfiyyatı onu rahat buraxmağa məcbur olur.

Fransızlar onun bir daha geriyə qayıtmayacağını düşündükləri bir vaxtda Mata Parisə qayıdır. Əvvəlcə onu dərhal həbs edirlər. Evində axtarış zamanı çoxlu sayda alman markası tapılır. Matanın evində həmçinin görünməz yazı yazılması məqsədilə istifadə edilən mürəkkəb də tapılır. O isə bunun makiyaj olduğunu söyləsə də, mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxır. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verilir və o, 50 min fransız əsgərinin ölümündə təqsirli hesab edilir.

Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alır. Bu arada Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş edir. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd edir. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan etsə də, fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etmirlər.

1917-ci il oktyabrın 15-də Matanı edam edirlər. Edamdan əvvəl onun gözünü bağlamaq istəsələr də, buna razı olmur və ölümün gözünə baxa-baxa 41 yaşında ikən həyatla vidalaşır. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəbası tapılmadığı üçün kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edilir. Mata ölümündən sonra dünyada “Fransanı məhv edən qadın” adı ilə daha da məşhurlaşır.

Hələ də Mata Hari dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın