06:40 18 Aprel 2020 380
Ana səhifə Xəbərlər

Evdə qalarkən çəkimizi və əhvalımızı necə qoruyaq? - DİYETOLOQ VƏ PSİXOLOQDAN MƏSLƏHƏT

“Bir aydır evdəyəm 5 kilo çəki almışam”, “On gündür evdəyəm hərəkətsizlikdən ağırlaşmışam və deyəsən çəkim xeyli artıb”.

Hər gün istər sosial şəbəkələrdə, istərsə də gündəlik ünsiyyətdə olduğumuz insanlar arasında ən çox eşitdiyimiz fikirlər məhz bu tip mövzularda cəmləşib. Karantin günlərində evdə qal çağırışına əməl edən insanların ev şəraitində hərəkətsiz qalması və qida rejiminin pozulması nəticəsində artıq çəki alması bu tip insanların sağlamlığında ciddi problem yaradır.

APA TV xəbər verir ki, hətta bu günlərdə insanların daha çox şirniyyat və müxtəlif yağlı yeməklərdən istifadə etdiklərini, qohum-qardaşı da qonaq çağıranların az olmadığını müşahidə edirik. Bəs necə edək ki, həm immun sistemini gücləndirək, həm də evdə qaldığımız bu günlərdə artıq çəki almayaq.

Diyetoloq Leyla Zülfüqarlı iki istiqamətdə qidalanmanı məsləhət görür. Onun sözlərinə görə, immunitetimiz gücləndirən, kalorisi aşağı olub, lakin vitaminlərlə zəngin olan qidalarla qidalanmalıyıq. Bununla da həm normal çəkini, həm də immuniteti qorumuş olarıq: “Tövsiyə edirəm ki, tərəvəzlərdən bol-bol istifadə etsinlər. Kələmin bütün növlərindən istifadə etsinlər. Az miqdarda qoz ləpəsinin istifadə edilməsi məsləhətdir. Bu dövrdə süd məhsullarından olan süd, qatıq, kəsmik qəbul olunduqca orqanizmimizi bəsləyərik. Eyni zamanda bizi artıq kalori və artıq kilolarla üzləşdirməz”

Diyetoloq hesab edir ki, bu hərəkətsiz günlərdə çörək, kartof, makaron, düyü məhsullarını menyudan çıxartmaq vacibdir. Bununla yanaşı şəkər qrupunda yer alan qidalardan da uzaq durmaq tövsiyə edilir: “Bir çox toxumlardan istifadə daha faydalıdır. Bunlara misal olaraq kətan toxumu, küncüt toxumu, qara çörəkotu toxumu insan orqanizminə inanılmaz fayda verir. Eyni zamanda müxtəlif bitki çayları, ihlamur, yaşıl çaylar, zəncəfili bol-bol istifadə etmək məsləhətdir”.

Leyla Zülfüqarovanın sözlərinə görə, çəkini uzun müddət normada saxlamaq üçün evdə rəqs edərək həm kalori yandırmaq, həm də pozulmuş əhval-ruhiyyəni geri qaytarmaq mümkündür. Əhval-ruhiyyə demişkən hazırkı karantin dövründə günlərini evdə keçirənlərin psixoloji vəziyyəti də önəmlidir.

Psixoloq Gülər Məmmədova isə hesab edir ki, karantin zamanı sosial münasibətlərə önəm vermək, sevdiyiniz insanlarla virtual əlaqə yaratmaq sizi psixoloji olaraq daha dözümlü edəcək: “İnsanlar çox düşünüb, çox informasiya qəbul edirlər bu isə onlarda yeməyə meyllilik yaradır. Ona görə, informasiyanı sağlam şəkildə qəbul etməli, onu analiz edərkən aldıqları xəbəri fəlakətləşdirməyə lüzum yoxdur. Çünki biz bilirik ki, bu problemi tezliklə keçəcəyik. Amma düşdüyümüz stress vəziyyətindən sonrakı abı-hava bizi narahat edə bilər. Ona görə də, gələcəyə keçmişin travması ilə getməmək üçün bu günkü günümüzü, qida rejimimizi, psixoloji cəhətdən dayanıqlığımızı idarə etməliyik. Bu da hər bir insanın özündən asılıdır. Çünki bizim psixikamız buna qadirdir”.

Psixoloq deyir ki, evdə keçirdiyiniz vaxtı səmərəli etmək üçün kitab oxuya, idmanla məşğul ola, musiqi dinləyə, dil öyrənmək üçün onlayn kurslarda iştirak edə bilərsiniz.

Gülər Məmmədovanın tövsiyə etdiyi edilən digər məqamlardan biri də imkan olduqca hədəflərinizi xatırlamağınızdır, çünki hədəflər bizi yaşamağa sövq edən ən böyük motivasiyadır: “Günümüzü planlı şəkildə həyata keçirməliyik. Hər kəsin özünün maraq dairəsi var. Zamanında həyata keçirə bilmədiyi arzu və istəkləri var. Bu gün evdə qalmaq onların bu arzularını reallığa çevirə biləcəkləri üçün əla fürsətdir. Çalışıb onları həyata keçirsinlər. Bəzi insanlar elə bilir ki, dünyanın axırıdır. Bu düşüncə ilə həm özünə, həm də ətrafındakılara mənfi təsir edə bilirlər. İlk növbədə bunu aradan qaldırmalıdırlar. İnternetdə “autagen” məşqlər var, onları həyatlarına tətbiq etmələri yaxşı olar”.

Mütəxəssislər deyir ki, mövcud şəraitdə fiziki fəaliyyətin kəskin azalması orqanizmdə stress hormonunun çoxalması ilə nəticələnə bilər. Buna görə də hər gün istisnasız şəkildə fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.

İlahə Vəliyeva, Musa Qulammirzəyev APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın