18:58 30 Sentyabr 2020 289
Ana səhifə Xəbərlər

Evi dağıdılan əsgər atası: "Ordumuza güvənib heç yerə getmirik"

Ermənilər Füzulidə - cəbhə xəttinə ən yaxın ərazidə yaşayış evlərini və mülki şəxsləri atəşə tutmaqda davam edir.

APA TV xəbər verir ki, bu kadrlar məcburi köçkünlərin məskunlaşdığı rayonun Zobucuq ikinci qəsəbəsindəndir.

504 ailənin yaşadığı ərazidə artıq bir neçə ev düşmən tərəfin atəşi nəticəsində dağıntıya məruz qalıb.

APA Media Qrupu olaraq Beyləqan-Füzuli istiqamətində cəbhənin ön xəttində çəkilişlərimizi davam etdiririk. Ermənilərin növbəti hədəfi yenə də mülki şəxslər və yaşayış evləridir. Ötən gün ermənilərin atdığı top atəşi nəticəsində evlərdən birinə mərmi düşüb və çuxur yaradıb. Mərminin zərbəsindən ev ciddi zərər görüb və bu hala düşüb. Operatorumuzdan xahiş edək ki, həmin görüntüləri daha yaxından çəksin. Gördüyünüz kimi, evin pəncərəsi yararsız vəziyyətə düşüb. Həmin hadisə baş verən anda ev sakinləri evdə olublar. Lakin xoşbəxtlikdən xəsarət olan və ölən olmayıb.

Adətən, bu cür hadisələri kinolarda görürük. Bu dəfə isə real olaraq şahidiyik. Mərminin ətrafa saçdığı qəlpələr divarlarda deşiklər yaradıb, pəncərələri qırıb.

Görünən kadrlar bir daha ermənilərin çirkin əməllərinin bariz nümunəsidir. Bu da onu göstərir ki, onlar öz gücünü bizim ordumuz üzərində göstərə bilmədiklərinə görə heyiflərini ya yaşayış evlərindən, ya da mülki şəxslərdən almaq istəyirlər. Gördüyünüz bu yaşayış evində düşmənin atdığı top atəşi nəticəsində mərmi evə çox ziyan vurub. Kadrlarda gördüyünüz su çəni deşilib. Bundan əlavə, sanitar qovşaq, yəni hamam yararsız vəziyyətə düşüb və içərisində olan bütün avadanlıqlar dağılıb. Eyni zamanda fermadakı toyuq-cücəyə də zərər dəyib. Kadrlardan evin nə vəziyyətdə olduğunu görürsünüz. Top mərmisinin qəlpələri evi sıradan çıxarıb. Pəncərələr, mebel dəstləri, mətbəx yararsız vəziyyətdədir. Lakin buna baxmayaraq, ev sakinləri düşməndən qorxmadıqlarını deyirlər. Çünki onlar artıq neçə ildir bu evdə yaşayır və bu vəziyyətə öyrəşib. İçəri daxil olduğumuzda yataq otaqlarının vəziyyətini görürsünüz. Ətrafa saçılan qəlpələr otaqları da yararsız vəziyyətə salıb.

Ev sahibi deyir Mətanət Əsədova deyir ki, hadisə səhər saatlarında baş verib və o zaman evdə olublar. Bu isə onları qorxutmur: “Səhər evimizdə idik. Mən əlimdə dən gətirirdim, yoldaşım da su daşıyırdı. Həmin anda atışma da gedirdi. Bir də gördük ki, nəsə düşdü. Ev bütün toz-dumana büründü. Yoldaşımı çağırdım ki, sağsan? O da dedi ki, hə. Duman dağılandan sonra evdən çıxdıq. Haradasa 8-ə 20 dəqiqə işləyərdi. Şükür, ölən yoxdur. Evdə ikimiz idik. Uşaqlar o tərəfdədir. Sonra baxdıq ki, evimiz dağılıb”.

Ailə başçısı Ağalar Teymurov da düşməndən qorxmadıqlarını deyir: “Bizə atılan mərmi toplarına baxmayaraq, heç vaxt qorxmarıq. Çünki bizim igid əsgərlərimiz öndədir. Allah Prezidentimizin canını sağ eləsin. Bu gördüyünüz otaq mənim döyüşdə olan övladlarımın yataq otağıdır. Onlardan məlumatımız da yoxdur. Biz onlara güvənirik. Allah canlarını sağ eləsin. Çünki bu gün biz burada olmasaq, onlar da bizə güvənib önə getməz”.

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” deyib Ali Baş Komandan İlham Əliyev. Bəli, o ordu ki, bu gün düşmənin qorxulu röyasına çevrilib. Həmin ordu isə öz gücünü xalqından alır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın