04:40 01 Mart 2018 1843
Ana səhifə Xəbərlər

Evtanaziya: könüllü ölüm istəyi, yoxsa intihar? - ARAŞDIRMA

Evtanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin həyatına öz istəkləri ilə son qoyulmasıdır. Bu termin "asan ölüm", “mərhəmətli ölüm” kimi də qəbul edilir. İlk dəfə termin olaraq “yüngül ölüm” mənasında XVII əsrdə ingilis filosofu Frensis Bekon tərəfindən elmə gətirilib.

Evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyada ilk belə xidmət göstərən klinika da Hollandiyada açılıb. Avropa ölkələrindən Belçika, Lüksemburq və İsveçrə də evtanaziya haqqında qanun qəbul edib. 1997-ci ildə ABŞ-ın Oreqon ştatında, 2015-ci ilin sonlarındaisə Almaniyada bir sıra hallarda insanların könüllü ölümünə icazə verən qanun qəbul olunub.

Azərbaycana gəlincə, Cinayət Məcəlləsinin 135-ci maddəsində deyilir ki, evtanaziya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dünyada evtanizayaya qarşı fikirlər heç vaxt birmənalı olmayıb. Psixoloqların da bu məsələdə fikirləri hər zaman üst üstə düşmür. Bəzi psixoloqların fikrincə, evtanaziyanı həyata keçirmək xəstə üçün ən son addım olmalıdır. Digər psixoloqlar isə deyir ki, çox vaxt bu qərara gələn xəstələr sağlam psixologiyada olmurlar, yaxınlarının göstərdiyi qayğılar onlara əzab kimi gəlir və həm özlərini, həm də yaxınlarını bu yükdən xilas etmək üçün bu addıma baş qoyurlar. Bu üzdən onsuz da öləcək birinin son günlərini mənalı, əyləncəli keçirməsinə şans yaratmaq daha ədalətli olardı.

Tibdə də evtanaziyaya münasibət birmənalı deyil. Hippokrat dövründən bu günə qədər evtanaziya ənənəvi tibb etikasına daxil deyil. Lakin bəzi həkimlər düşünürlər ki, ağrı yaşamaq, ağrı çəkmək çox dözülməz prosesdir. Mövcud cəmiyyətin psixologiyası da nəzərə alınmaqla xəstəlikdən əziyyət çəkən insanın ağrılarına son qoymaq olar.

Cərrah-transplantoloq Eldar Əhmədovun fikrincə, hər şeydən əvvəl həkim və xəstə arasındakı məsafə aradan götürülməlidir. Həkim rahatlıqla xəstəyə neçə gün ömrü qaldığı haqda məlumat verməkdən çəkinməməlidir: "Tibdən möcüzə gözləməmək lazımdır. Azərbaycanda insanlarımızın psixologiyasında xəstəliyə yanaşma bir az fərqlidir. Bizə müraciət edən zaman çox vaxt xəstə yaxınları istəmirlər ki, həmin xəstələr öz durumlarından məlumatlı olsunlar, gizlədirlər. Amma xəstənin də seçim haqqı olmalıdır. Bəlkə onun reallaşdırmaq istədiyi nəsə bir arzusu, istəyi var".

Eldar Əhmədov deyir ki, evtanaziya xəstə üçün son çarə kimi görülməlidir. Yalnız tibbi cəhətdən bütün addımlar atıldıqdan sonra xəstənin evtanaziya qərarı haqda düşünmək mümkün ola bilər. Lakin o, istənilən halda xəstənin yaşam uğrunda mübarizə aparmasını daha düzgün seçim hesab edir:

"Bir həkim olaraq onu deyə bilərəm ki, biz xəstənin yaşaması üçün hər zaman əlimizdən gələni edirik. Bizim üçün xəstənin yaşaması daha önəmlidir. Bu, həmçinin xəstənin yaxınları üçün də böyük stimuldur. Biz həkim olaraq istəyirik ki, həmin xəstə də son anına qədər mübarizə aparsın".

Evtanaziya dində də xoş qarşılanmır. Nə yəhudilik, buddizm və xristianlıqda, nə də İslamda evtanaziya qəbul olunmur. Qurani-Kərimin tərcüməçisi, şərqşünas alim Nəriman Qasımoğlu deyir ki, müqəddəs kitabda canı haqsız yerə qətl etməklə bağlı ayələr mövcuddur:

"Bu, əslində İlahi tərəfindən qınanılan bir əməldir. Haqsız yerə canı qətlə yetirmək olmaz. Bəs haqq nədir? Mən istərdim insanın nəzərdə tutduğu haqqını Tanrı dərgahındakı haqla balanslaşdırım. Nə dərəcədə düzgündür ümidini üzmək? Tanrıdan ümidini üzmək də qınanılan məsələdir. Hətta həmin xəstənin də ümidini üzməsi dində xoş qarşılanmır".

Nəriman Qasımoğlunun sözlərinə görə Mirzə Ələkbər Sabirin xəstəliyinin son dönəmində dostu Abbas Səhhətə yazdığı məktubda ağrıların şiddətindən əziyyət çəkdiyini bildirir: "Və deyir ki, o dərəcədə əziyyət çəkirəm, hətta özümə qəsd etmək istəyirəm ki bu ağrılarıma son qoyum, amma dindarlığım imkan vermir. Sabir dindarlığı da mövhumatçı dindarlıq deyildi. Hətta quranı o səviyyədə bilən adam da onun fərqində idi ki, bu əməl dini baxımdan düzgün deyil".

Mən gün-gündən bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu göylə çarpışan, yerlə əlləşən,

Dostdan, aşinadan necə əl çəkim?

Yəqin ki, həyat eşqini Mikayıl Müşfiqin bu misraları qədər heç bir şeir ifadə edə bilməz. Elə onlar da ağır xəstəliklərdən əziyyət çəkirdilər. Hazırda isə həyata ikinci gəlişlərini özləri üçün böyük şans və lütf hesab edirlər.

Deyirlər ki, sağlam bədəndə sağlam ruh olar. Gəlin hesab edək ki, sağlam ruhun da elə sağlam bədəni olar. Çalışaq ki, hər zaman fikirlərimiz, düşüncələrimiz sağlam olsun, heç vaxt həyatdan ümidimizi üzməyək. Çünki həyat həqiqətən də gözəldir.

Müəllif | Apa.Tv

Fərid Rəsulov

Kodu kopyalayın