04:00 05 Mart 2020 381
Ana səhifə Xəbərlər

Əvvəli həvəs, sonu məhbəs – ONLAYN GƏLƏN BƏLA (ARAŞDIRMA)

Əvvəli həvəs, sonu məhbəs. Yaxud dodağa gülüş qonduran istəyin yaşlı gözlə bitən nəticəsi – “Ağ ölüm”. İnsanı yaşamı boyunca qara günün cənginə sardığı ölüm. Təmənnasız bəxş edilən həyatın pulla satın alınan əzablı davamı...

O satış ki, “ömür bitər, yol bitməz” deyən narkotacirlər tərəfindən metodları günbəgün yenilənir. Texnologiyanın inkişafı, gənc nəslin sosial şəbəkələrə marağının artması həmin üsullardandır. Belə olduqda isə son dövrlərdə leksikonumuza yeni söz birləşməsi daxil olur: “Onlayn yolla narkotik vasitələrin satışı”.

Əsasən Avropa ölkələrində narkotiklərin internet üzərindən onlayn satışı geniş yayılsa da, çox təəssüf ki, son illər ölkəmizdə də narkotiklərin bu üsulla satılması yeni ayaq açmağa başlayıb. Narkotikləri satan dəstələr bu yolla məsuliyyətdən yayınmağa çalışsalar da, onlar internet üzərindən narkotiklərin satışı zamanı gizliliyin təmin edildiyini hesab etsələr də, mütəxəssislərimiz tərəfindən daim sosial şəbəkələrdə, xüsusilə narkotikləri bu üsulla təklif edən internet səhifələrində mütəmadi olaraq monitorinqlər aparılır. Belə dəstələr tərəfimizdən müəyyən olunaraq əməliyyat tədbirləri hazırlanıb həyata keçirilir”.

Daxili İşlər Nazirliyi görülən tədbirləri bu cür xarakterizə edir: “Ölkə ərazisində, xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib”.

Satışın internet, əsasən də sosial şəbəkələr üzərindən həyata keçirildiyini nəzərə alaraq, kommunikasiya üzrə mütəxəssisə müraciət etdik. “Necə edək ki, bu tora düşməyək?” sualı ilə: “İnsanlar düşünürlər ki, bu tip hadisələrlə bağlı ancaq hüquq-mühafizə orqanları məşğul olmalıdır. Təbii ki, burada hüquq-mühafizə orqanlarının özlərinin müəyyən öhdəlikləri var ki, mütləq ona əməl etməlidirlər. Onlayn platformalar olmadan hüquq-mühafizə orqanları öz işlərini offlayn olaraq qururlar. Bu satışlarla məşğul olanların zərərsizləşdirilməsi, onların həbs olunması, qarşısının alınması istiqamətində xüsusi strategiyaları vardır. Əgər onlayn platformalar varsa, hüquq-mühafizə orqanları da mütləqdir ki, həmin platformalarda öz işlərini qurub, müasirləşdirsinlər ki, bu tip hadisələr baş verəndə qarşısını ala bilsinlər. Bununla bağlı yaxşı strategiya üzərində işləmək lazımdır”.

Təbii ki, bu məsələdə psixoloji təsirlər də özünü göstərmiş olur. Psixoloq Elnur Rüstəmov deyir ki, bu zərərli vərdişin girovları əsasən gənc və yeniyetmələr olur: “Xüsusən valideynlər diqqətli olmalıdırlar. Əgər gənc və yeniyetmənin davranışında, ünsiyyətində qeyri-müəyyənlik müşahidə edilərsə, mütləq tədbir görülməlidir. Çox vaxt valideyn bizə deyir ki, mən onu hiss eləmədim, gözü qızarmışdı, düşündüm ki, yatmır, yuxusu yoxdur. Ona görə də bu hallar baş verir. Ancaq bəlli olur ki, artıq bir neçə müddətdir bu zərərli vərdişdən istifadə edir. Çünki heç bir valideyn öz övladının belə bir şey edəcəyinə inanmır. Valideyn üçün çox çətindir. Gəncin, yeniyetmənin özü də bunun necə böyük faciəyə aparıb çıxaracağını anlaya bilmir”.

Mövzu ilə bağlı araşdırma apararkən APA TV-nin “Youtube” səhifəsində ən azı 5 müxtəlif başlıqlı onlayn yolla satışını həyata keçirən, onu alan, təbliğ edən şəxslərin tutulma xəbəri ilə rastlaşdıq. Həmin kadrlardan bir neçəsini sizə təqdim edirik.

Sonuncu belə mütəşəkkil dəstə rəhbərləri Türkiyə Respublikasında saxlanılıb. Onlar gizlənərək orada olan saxta sənədlər əsasında yaşayıblar. Həmin şəxslər internet üzərindən öz şəbəkələrini quraraq, müxtəlif növ narkotiklərin satışını həyata keçiriblər. Həmin şəxslər tərəfimizdən müəyyən olunub. Xüsusilə qeyd etmək istəyirəm Türkiyə hüquq-mühafizə orqanları ilə aramızda olan qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin şəxslər müəyyənləşdirilərək saxlanılıb, ölkəmizə gətirilərək istintaq orqanlarına təhvil verilib”.

Onlayn yolla narkotikləri satan və yaxud təbliğ edən şəxslər tanınmamaq üçün xüsusi kod adlardan istifadə etməyə üstünlük verir. Onlar bu yolla sanki gizliliyin qorunduğunu hesab edir. Araşdırmalar göstərir ki, narkotacirlər gizli pərdələyici üsullardan istifadə edərək, narkotik vasitə və psixotrop maddələri satacaqları yerlərə yerləşdirirlər. Narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə ödədikdən sonra narkokuryerlər həmin yerlərin şəklini çəkərək sosial şəbəkələr, ani mesajlaşma sistemi vasitəsilə alıcılara göndərir.

O ki, qaldı məsələnin hüquqi tərəfinə... Hüquqşünaslar deyir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin eyni zamanda onların prekursorlarının hazırlanması, satılması, göndərilməsi, daşınması və üzərində saxlanılması cinayət məsuliyyəti yaradır.

Bundan başqa, internet, sosial şəbəkələr vasitəsilə həmin narkotik vasitələri qanunsuz olaraq satma, daşıma, gəzdirmə və sair cinayət məsuliyyətinə cəlb edilir. Bununla bağlı burada ağırlaşdırıcı hallar satmanı, eyni zamanda yetkinlik yaşına çatmayan şəxslərin də narkotik vasitələri satma, daşıma və sair ağırlaşdırıcı hal kimi cinayət məsuliyyətinə səbəb olur. Satma 3 ildən 7 ilə qədər, yetkinlik yaşına çatmayan şəxsləri cəlbetmə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Həyat insana bir dəfə bəxş edilir. Sonrakı peşmançılıq isə fayda vermir. Peşman olmamaq üçün də gərək bir dəfə verilən həyatı narkotik kimi deyil, sağlam və təbii həvəslə yaşayasan.

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın