13:20 05 May 2018 1904
Ana səhifə Xəbərlər

Əzələ yığmaq istəyənlər, protein tozuna diqqət edin! - REPORTAJ

İdmançılar aylarla məşq etmədən ideal bədən quruluşuna sahib olmaq üçün bəzən protein tozundan da istifadə edirlər. Bu üsulla əzələ yığmaq xüsusən son zamanlar dəb halını alıb. Bəs proteinin orqanizmə hansı fayda və zərərləri var?

Məşqçi Fövqi Əfəndiyev bildirir ki, protein bizim bildiyimiz zülaldır: “Bizdə protein tozu dərman kimi başa düşülür. Halbuki zülal və protein bütün qidaların tərkibində var. Əsasən də ət və süd məhsullarında protein daha çox olur. İdmanla məşğul olan insanlar bu qidaları yetərincə qəbul etmədiklərinə görə, proteinə üz tuturlar. Proteinlərin ziyanına gəldikdə, hansı insanların zülala qarşı zəifliyi varsa, bu insanlara təkcə protein tozu yox, ümumiyyətlə zülallı qidalar qadağandır”.

Məşqçi deyir ki, zülal əzələnin formalaşmasında iştirak edən əsas qidadır: “Ona görə həm xanımlar, həm də bəylərin qida rasionunda yetərli qədər zülal yoxdursa, normal bədən quruluşuna malik olmaq üçün protein tozundan istifadə edə bilərlər. Amma idman etməyib, oturaq həyat sürən insanların çoxlu zülal qəbul etməsinin heç bir mənası yoxdur. Bu, artıq kaloridir və kökəlməyə səbəb ola bilər.

Bu gün idmanla məşğul olanların çoxu həkim və mütəxəssislə məsləhətləşmədən əzələ yığmaq üçün protein tozu qəbul edir. Və bu tozdan tərkibini araşdırmayıb istifadə edənlər də var.

Dietoloq Şəfa Yadigarova da qidalardan yetərincə zülal alınmadıqda, qida əlavəsindən istifadəni düzgün hesab edir: “Müəyyən proteinlər var ki, mən də onlara üstünlük verirəm. Əgər insan idmanla məşğul olduqdan sonra müəyyən qidaları qəbul etməyə vaxtı olmursa, buna görə protein tozundan istifadə edə bilər. Lakin, proteinlərin tərkibinə baxmaq lazımdır. Çünki, onların tərkibindəki müəyyən qatqılar böyrək və qara ciyərə mənfi təsiri edə bilər. Bu kimi problemi olanlara protein tozundan istifadə etmək olmaz.

Protein tozu insan orqanizmi üçün zərərlidirmi sualına bir reportaj çərçivəsində cavab vermək mümkün deyil. Çünki bu sual jurnalistlər üçün yalnız araşdırma mövzusu ola bilər, əsl cavabı isə təbii ki, həkimlər verməlidir. Gördüklərimiz əsasında idmanla məşğul olanlara tövsiyəmiz isə budur - protein tozundan istifadə etməzdən əvvəl mütləq məşqçiniz və həkimlə məsləhətləşin.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın