16:10 12 Sentyabr 2020 558
Ana səhifə Xəbərlər

Fəttah Heydərov xatirələrdə: o, sadə insan, əvəzsiz sirdaş idi... - REPORTAJ

Tanınmış ictimai-siyasi xadim Fəttah Heydərovun ölümündən bizi 40 günlük zaman ayırır.

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurub, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olub.

1955-1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958-1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləyib. O, 1966-1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-1976-cı illərdə isə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışıb.

Fəttah Heydərov 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutub, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olub.

1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990-1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanıb:

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyir ki, Fəttah Heydərovla yaxın dost olub: “Ən mühüm iş o idi ki, biz bir-birimizlə ürəyimizdən keçən hər hansı bir fikri, münasibəti, çətinlikləri, nə olsa daha yaxşıdır - birlikdə münasibət bildirərdik. Belə dost əlbəttə ki, çox çətin tapmaq olar. Ürək dostu olmaq üçün mənəvi həyatın birliyi olmalıdır, qovuşması olmalıdır. Bizi birləşdirən dəyərlər vardı. Allah rəhmət eləsin! Mən Fəttah kişi deyirəm, həqiqətən də kişi idi”.

QMİ sədrinin sözlərinə görə onları birləşdirən və bu dostluğu əbədiləşdirən həm də mənəvi yol olub: “Həccə getmişik, Məkkədə Allah yolunda bizimki imandan gələn bir dostluq olub. Bizim dostluğumuzda məqsəd olmayıb, ailə, övlad münasibətlərimiz olub, həyat yoldaşlarımız yaxın olub”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Fəttah Heydərovun böyük nüfuza malik el ağsaqqalı olduğuna da diqqət çəkib: “Mənim ən çətin anımda məsləhətçim idi, bölüşmüşəm danışmışam. Heydər Əliyevi, Azərbaycanı sevirdi, onun gələcəyindən narahat idi. Azərbaycanı və xalqını sevirdi. O, çox insanları doğru yola dəvət edərdi. Onu eşidirdilər, o bacarırdı”.

Fəttah Heydərovun olduqca sadə və təvazökar olduğunu deyən Allahşükür Paşazadə deyir ki, əl tutmaq, könül sevindirmək onun həyat tərzi idi: “Bizdə Təzə Pir məscidində Tahir kişi vardı, molla idi. Əvvəllər Fəttah kişini Naxçıvandan tanıyırmış. Dedi ki, Tahiri tapaq. Beləliklə, Tahiri tapdıq. Onda artıq Fəttah müəllim Bakıda idi, Kamal nazir idi. Bəlkə də hər kəsin arzusu idi ki, Fəttah kişi ilə görüşsün, buna baxmayaraq, o, nə vaxtsa Naxçıvanda rastlaşdığı sadə bir mollanı axtarıb tapdı. Tahir Bakıda kirayədə yaşayırdı. Birlikdə onlara qonaq getdik. Onlar çay təklif etdilər, Fəttah müəllim onlar sıxılmasın deyə hətta bişirdikləri xörəkdən də dadacağını dedi. Bax, bu idi Fəttah kişinin insanlara münasibəti”.

Şeyx Fəttah Heydərovun onun üçün həm ata, həm qardaş olduğunu dilə gətirib: “Sonrakı dövrlərdə toylarımızda başda oturardı. Qızlarımın toyunda o, ağsaqqallıq edib o verib, o alıb. Bizim ailədə o, həm ata olub, həm qardaş olub, həm yaxın dost olub. Bizim ailələr bir-birinə doğmalaşıblar. Bacı, qardaş, yaxın qohum kimi. Bu gün də bu davam edir. Onun yoxluğu mənim üçün böyük itkidir. Mən dostumu itirmişəm. Tanrı hər kəsə belə dost, belə qardaş, belə həmsirr nəsib eləsin”.

Azərbaycan Respublikasının Ukraynada səfiri Elmira Axundova isə Fəttah Heydərovu Ulu Öndər Heydər Əliyevin silahdaşı kimi tanıdığını deyir: “Biz Milli Məclisdə qonşu stollarda oturmuşuq. Parta ifadəsini zarafatla deyirəm. Yaxşı qonşu idik. Tez-tez söhbətləşirdik, fikir mübadiləsi aparırdıq. Çox müdrik adam idi. O, tez-tez çıxış etməzdi, amma çıxış edəndə hər kəsin fikri onda olardı. Fəttah müəllim böyük ictimai xadim idi. O, Heydər Əliyevin silahdaşı idi. Hələ Ulu Öndər Naxçıvana gələndə Fəttah Heydərov Naxçıvanda vəzifədə olub, o ən ağır illərdə Heydər Əliyevin yanında olmağı bacarıb. Çəkinməyib, baxmayaraq ki, ona irad tutulmuşdu, amma o, yolundan dönməyən insan idi. Müstəqilliyimizi qorumaq haqqında düşünüb, həm də narahat olub. Şükürlər olsun ki, onun istəkləri gerçəkləşdi”.

Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Milli Məclisin deputatı kimi Fəttah Heydərovun təqdirəlayiq xidmətləri var. Deputat Qüdrət Həsənquluyevin sözlərinə görə, o, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq, xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirib: “Mən onu qiyabi olaraq tanıyırdım, gənc yaşlarımdan. Heç onda Universitetə daxil olmamışdım. Fəttah müəllim bizim rayonda birinci katib kimi fəaliyyət göstərirdi. Mən rayonda böyüklü-kiçikli elə bir adam tanımadım ki, onun haqqında mənfi bir fikir söyləsin. Kiminlə onun barəsində söhbət etmişəmsə, hamı onu gözü-könlü tox, xeyirxahlıq üçün allahın yaratdığı bir insan kimi tanıdığını deyib. İctimai-siyasi xadim kimi də böyük hörməti vardı. Onun dövlət adamı kimi sadə vətəndaşlarla ünsiyyət qurmağı unikal idi. İstənilən adam Fəttah müəllimlə görüşüb, söhbətləşəndən sonra onu özünə doğma hiss edib, çəkinmədən problemlərini ona danışırdı, ondan kömək istəməyə utanmırdı. Allah onu xeyirxah əməllər üçün yaratmışdı. Bu insan çalışırdı ki, başqalarına öz məsləhəti ilə kömək etmiş olsun. Ağsaqqal haqqında söz düşəndə Milli Məclisdə həmişə deyirdim ki, baxın, ağsaqqalın yerişi də bir ağsaqqal yerişi ola. Onun duruşu, davranışı tam belə idi. Uzaqdan müşahidə edəndə onun ağır addımlarını onu “Axırıncı aşırım” filmindəki “Kərbəlayi“ rolundakı Adil İsgəndərova bənzədirdim. O, insanları təmkinli, səbirli olmağa, bəzən radikallıqdan uzaq olmağa çağırırdı. Çox müdrik tövsiyələr verirdi gənc fəallara”.

Fəttah Heydərovla 25 il dostluq edən Bəhman Məmmədov parlament seçkilərində dörd dəfə onun səlahiyyətli nümayəndəsi, bir dəfə isə vəkili olub. Fəttah Heydərov hansı kəndə getsəydi, ilk olaraq məktəbə gedərdi, təhsilin vəziyyətini, məktəblərin şəraitini soruşardı, təhsilin inkişafı üçün məktəblərin təmirinə və tikintisinə köməklik edərdi: “O, ilk dəfə birinci sinfə gedən uşaqlara hədiyyə verərdi. Qəbələdə təhsillə yanaşı, səhiyyənin, mədəniyyətin, sahibkarlığın, aqrar sahənin, sənayenin inkişafına da böyük dəstək verərdi. Mən deyərdim ki, tarixdə belə insanlar az-az olur. O, heç vaxt Qəbələ sakinlərinin qəlbindən silinməyəcək. O, dahi şəxsiyyət idi”.

Respublika Ağsaqqallar Şurasının Qəbələ rayon şöbəsinin sədri Nazim Mustafayev də Fəttah Heydərovla uzun illər yaxın ünsiyyətdə olub: “Mən 2004-cü ildə Qəbələ rayon Ağsaqqallar Şurasının sədri seçilmişəm və hazırda bu vəzifədə işləyirəm. Fəttah müəllimi uzun illərdir yaxından tanıyıram. O, həmişə Qəbələyə gələndə bizim şuranın yerli şöbəsinə gələrdi, bu otaqda rayon ağsaqqalları, veteranlarla görüşərdi, insanlar ona dərdlərini deyərdilər. O, seçicilərini, sadə insanları da bu otaqda qəbul edərdi, onların problemlərinə köməklik edərdi. O, çox yaxşı insan idi, hamıya mehribanlıqla yanaşardı, insanlara qayğı göstərərdi. O, insan qədri bilən adam idi. Biz fəxr edirik ki, Fəttah müəllim Qəbələnin həm deputatı, həm də ağsaqqalı idi. Hamı ona rəhmət diləyir”.

Nazim Mustafayevin sözlərinə görə, Fəttah Heydərov deputat kimi həmişə Qəbələyə gələndə rayondakı vəziyyəti soruşar, görülən işlərlə maraqlanar, seçicilərlə köməklik edərdi: “O, seçicilərin müraciətlərinə baxırdı, onlara köməklik edirdi, onun köməyi ilə məktəblər tikilib, yeni iş yerləri açılıb”.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında xidmətləri daim yüksək qiymətləndirilib. O, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf”, 2018-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif edilib.

Ruhunuza dərin ehtiramla!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın