19:05 18 Yanvar 2021 65
Ana səhifə Xəbərlər

FHN: Hirkan Milli Parkındakı yanğının söndürülməsinə 1 təyyarə və 2 helikopter cəlb edilib

"Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsinə nail olunub. Digər istiqamətlərdə isə məhdudlaşdırılma olsa da, tam söndürülməyib".

Bunu APA TV-yə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır: "Məlumat üçün bildirim ki, yanğın baş verən ərazi dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdədir. Eyni zamanda ərazidə olan güclü külək yanğının tam söndürülməsinə maneçilik törədir".

Yanvar ayının 15-16-da yanğının bir istiqamətdə söndürüldüyünü vurğulayan rəis müavini bildirib ki, prosesə ümumilikdə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 135 nəfər şəxsi heyəti, 8 texnikası, həmçinin, 1 təyyarə və 2 helikopter cəlb edilib: "Hazırda cəlb olunmuş qüvvələr tərəfindən yanğının tam söndürülməsi işləri davam etdirilir. Təkrar qeyd etməliyəm ki, yanğının bu günə qədər davam etməsinin əsas səbəbi güclü küləkdir”.

Qeyd edək ki, Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın