10:40 14 Fevral 2020 708
Ana səhifə Xəbərlər

FHN internat məktəbində təlim keçirdi

Kadrlar yanğın təhlükəsizliyinə dair keçirilən təlimdəndir. Məşq prosesi paytaxtın Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində baş tutub.

APA TV-nin xəbərinə görə, təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinəyanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.

Məktəbin rəhbərliyi tərəfindən yanğın olması barədə aidiyyəti quruma məlumat verilir və FHN-in müvafiq canlı qüvvəsi hadisə yerinə gələnə qədər uşaqların təxliyəsi müəllimlər tərəfindən həyata keçirilir.

Aşağı mərtəbədə yerləşən dərs otaqları boşaldıqdan dərhal sonra üst mərtəbədə yerləşən otaqlardan uşaqlar təxliyə edilir.

Yanğın zamanı xəsarət alma hadisənin qaçılmaz tərəflərindəndir. Bu işdə isə həmin insanların köməyinə FHN-in xilasetmə komandası çatır.

Təxliyədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq canlı qüvvə, texnika və avadanlıqları cəlb edilir.

Artıq hadisə yerində Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını var və yanğınsöndürənlər çevik, iti addımlarla yanğının söndürülməsinə, binada qalanların çıxarılmasına çalışırlar.

Təcili Tibbi Yardımın köməyi ilə vətəndaşlara ilkin tibbi yardım göstərilir.

Binada təxliyə tam olaraq həyata keçirilir və təlim bununla da başa çatır.

FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva bildirib ki, təlim internat məktəbinin rəhbərliyinin müraciəti əsasında keçirilib: "Təlimdə Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti və texnikası iştirak edib. Təlimin məqsədi hər hansı fövqəladə hadisə baş verdikdə təxliyə zamanı təhlükəsizliyin təmin olunması, uşaqlara təhlükəsizlik mədəniyyətinin aşılanmasıdır. Bura xüsusi internat məktəbidir,məhdudiyyətlidir. Əsas məqsədimiz odur ki, həmin uşaqlar təhlükəsizlik baxımdan özlərini necə müdafiə etməli olduqlarınıbilsinlər. Bu təlimlər Bakı ilə yanaşı regionlarda da keçirilir. Arzu edərdik ki, Təhsil Nazirliyi ilə birgə digər internat məktəblərində də belə təlimlər keçirək".

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın zamanı davranış qaydalarının aşılamaq, o cümlədən yanğın zamanı təxliyə prosesini nümayiş etdirməkdən ibarət olub.

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın