19:30 14 Yanvar 2021 75
Ana səhifə Xəbərlər

FHN şəhid ailələrinə və qazilərə psixoloji dəstək göstərir

4 gün davam edən Vətən Müharibəsi Müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşsa da, müharibənin yaratdığı faciəvi izlər danılmazdır. Cəbhədə bombaların, mərmilərin sədası altında döyüşmək, səngərdə dostunu, əsgər yoldaşlarını itirmək insan psixologiyasından rahatlıqla silinmir. Buna görə də müharibədən qayıdan əsgərlərin əksəriyyəti gündəlik həyata adaptasiya olmaqda çətinlik çəkirlər.

APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi Xanım Sofiyeva deyir ki, elə bu səbəbdən nazirlik Vətən Müharibəsində iştirak edən qazi və şəhid ailələrinə psixoloji dəstək göstərmək üçün Türkiyədən 20 peşəkar psixoloq dəvət edib. FHN-nin 112 qaynar xətti müharibədən əziyyət çəkən şəxslər üçün 24 saat fasiləsiz fəaliyyət göstərir: “112 qaynar xəttinin fəaliyyəti ondan ibarətdir ki, burada oturan psixoloqlar zəngləri qəbul edirlər. Psixoloji problemlər yaşayan müharibə iştirakçısı, şəhid ailələri dərin hüzn reaksiyası yaşayan, terror aktından zərər görmüş insanlar bu telefon xətti ilə psixoloqlara müraciət edə bilərlər. Psixoloqlar tərəfindən onların problemləri çox böyük səbirlə dinlənilir. Alınan travmanın xarakterindən asılı olaraq qısamüddətli, uzunmüddətli ola bilər. Telefon vasitəsi ilə göstərilən yardımın mahiyyəti ondan ibarətdir ki, insanın psixoloji gərginliyini azaltmaq ona mənəvi kömək etmək. Əgər problem dərindirsə, burada artıq telefonla yardım göstərmək olmur. Psixoreabilitasiya və psixoterapiya yardımı göstərilməlidir”.

Xanım Sofiyeva deyir ki, bəzən psixologiyasında, davranışlarında olan mənfilikləri hiss edən müharibə iştirakçıları bunu dilə gətirməyə və psixoloqa müraciət etməyə çəkinirlər: “Bəzən onların əksəriyyəti zəng etmək istəmirlər. Psixoloji problemləri gizlətmək, açıq söyləməmək, onun qeyri-normal olduğunu düşünmək kimi hallar yaşanır. Və bu zaman müharibə iştirakçılarının özləri yox, ailə üzvləri, yaxınları 112 qaynar xəttinə müraciət edirlər. Onların keçdiyi yol asan yol deyil. Adi səslərə aşırı reaksiyalar verə bilərlər. Onlarda qəzəb partlamaları, sinir krizləri ola bilir. Onların keçirdikləri hisləri tənqid etmək, məsləhət vermək lazım deyil”.

Xanım Sofiyevanın sözlərinə görə, Türkiyədən dəvət olunan təcrübəli psixoloqlar ilkin olaraq Bakıda yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcək. Sonrakı müddətdə isə həkim heyəti müharibə dövründə dağıntılara və vətəndaşların daha çox psixoloji təsirə məruz qaldığı Gəncə şəhəri, Bərdə, Tərtər və Goranboy kimi rayonlarda da xidmət göstərəcəklər.

Qeyd edək ki, aprelin 8-dən indiyə qədər FHN-nin qaynar xəttinə 2100 müraciət qeydə alınıb.

Fatma Zahidqızı

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın