19:20 24 Avqust 2019 38
Ana səhifə Xəbərlər

Füzuli və Cəbrayılın işğalından 26 il ötdü

Füzuli rayonunun işğalından 26 il ötür. 1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olub. Rayon mərkəzi də daxil olmaqla 50 kənd hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Yeni salınan qəsəbələrdə 51 min məcburi köçkün məskunlaşıb. I Qarabağ münaqişəsi zamanı erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Füzuli müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub. Tural Nəbiyevin ailəsi öz dədə-baba yurdunu tərk etmək məcburiyyətində olanda 11 yaşı olub. Horadiz Beyləqan yolu bağlandığından Tural da digər soydaşları kimi Arazı o taya keçmək məcburiyyətində qalıb: “Cənubi Azərbaycana keçəndən sonra evlərinə dəvət etdilər, çay verən kim, çörək verən kim. Yəni biz qardaşıq. Biz əvvəllər əsərlərdən oxumuşduq ki, orda yurddaşımız var. Həqiqətən canlı şahidi olduq ki, ağır məqamda qardaşlıq öz sözünü deyir. Çox sağ olsunlar, biz onlardan çox razı qaldıq. Növbəti əməliyyat zamanı Horadizin işğaldan azad olması birçox ailənin geri qayıtmasına səbəb olub. Amma gördükləri mənzərə ürəkləri parçalayıb. Bütün evlər talan edildikdən sonar yandırılıb: “Qayıdanda evimizin yolunu tapmadıq. Evimiz yandırılmışdı. Heç bir şeyi qoyduğumuz kimi tapmadıq. Təzədən özümüzə yol açdıq, təzədən özümüzə balaca bir daxma tikdik”. Akif Məhərov də Horadiz sakinidir. Sovetlər dönəmində hərbi xidmətini başa vurub qayıtdıqdan sonra Şuşanın işğal günü yenidən döyüş meydanınına girib. 26 il əvvəl elə Füzulinin işğalı günü rayon mərkəzində mühasirəyə düşüb. Amma düşmənin müqavimətini qırıb və ərazidən çıxa bilib. Ailəsini axtarıb, Sabirabadda tapıb və yenidən döyüşə qaydıb. Rayonun Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərin birində ağır yaralanıb. Amma vətən yarası onun bədəninin yaralayan güllə yarasından qat-qat ağırdır: “Bu hissi insanlara çatdırmaq lazımdır ki, vətən səni çağırırsa getmək lazımdır. Vətəndir bu. Torpağın dili-ağzı yoxdur. Kənd Horadiz ermənidədir, Seyid Əhmədli ermənidədir. Mən bununla nətər barışım?! Mən ölümə getmək istəmirəm, düşməni məhv eləmək istəyirəm. Mən uşağın üzünə baxa bilmirəm, xəcalət çəkirəm. Mənə deyirlər ata torpaq niyə getdi? Yaxşı ki, döyüşdə olmuşam. Döyüşdə olmasam utanıb yerə girərdim. Dedim bala mən yaralandım çıxdım, xəbərim olmadı. Birdən deyirlər ki, gələcək nəsilə nə cavab verəcəyik?! İndi uşaqlar o sualı mənə verir. Mən bacardığımı eləmişəm, fərari olmamışam, düşmənin qarşısından qaçmamışam, çox ağırdı mənə”. Akif deyir ki, bu gün dövlət tərəfindən bütün təminatlar ödənilib. Lakin parçalanan vətən torpağı onu sevinməyə qoymur: “Birdən deyirlər ki, Akif, sənin nəyin çatmır?! Dövlət tərəfindən ev verilib, heç Horadizdə elə ev yoxdur. Yüksək təqaüdlə təmin olunmuşam. Deyirəm, mənim vətənim parçalanıb, bölünüb. Mənim heç nəyim yoxdur. İstəyirəm bu məğlubiyyəti qurtaraq. Bu gün füzulinin işğalından da 26 il ötür. ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib”. Cəbrayıl rayonunun 90 kəndi var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu, Şirvan-Zəngilan avtomobil yolu keçir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın