09:20 12 Noyabr 2019 57
Ana səhifə Xəbərlər

Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfert olmayacaq - İLK DƏFƏ

Milli Məclisin plenar iclasında büdcə müzakirələri başlayıb.

APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 11 məsələ daxildir.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov qeyd edib ki, gələn ildə də ənənəvi olaraq büdcənin sosial yönümlülüyü təmin ediləcək: “Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək”.

Samir Şərifov təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacağına diqqət çəkib. O qeyd edib ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır: “Bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və orta müddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq”.

Nazir deyib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. Sosial xərclər büdcənin prioritetini təşkil edəcək: “Sosialyönümlü xərclər 10 milyard 642 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin sosial durumunun yaxşılaşdırılması istiqamətində gələn il ehtiyac meyarı həddinin və yaşayış minimumunun məbləğinin artırılması nəzərdə tutulub”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 2,4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6 faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılır. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı hazırladığı rəyi təqdim edərkən deyib ki, dövlət büdcəsində sosial yönümlü xərclər artıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın