18:50 19 Noyabr 2020 133
Ana səhifə Xəbərlər

Gəncə terrorunda valideynlərini itirən Nilay bu gün 2 yaşını qeyd edir – REPORTAJ

Nilayın bu gün 2 yaşı tamam olur. Bundan sonra bu balaca qızcığaz ad günlərini valideynləri olmadan qeyd edəcək. Çünki bu gün həm də onun ana və atasının ölümünün 40-cı günü tamam olur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Nilayın atası, anası və nənəsi ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində şəhid olublar. Hazırda ana nənəsi ilə birlikdə qalan Nilay ötən 40 gün ərzində ata-anası üçün çox darıxıb.

Nilay kim gəldi oynayır, deyir gülür. Hətta bu gün ad günü olduğunu da bilir. Onun üçün hazırlan tortun üstündə olan şamları yaxınları ilə birlikdə üfürərək öz ad gününü qeyd edir.

Bu gün Nilayın 2 yaşı tamam olur. Nilay atasını, anasını və nənəsini ermənilərin Gəncədə törətdiyi terror nəticəsində itirib. Biz də “ APA Group” olaraq Nilayı təbrik etməyə gəlmişik. Nilay, ad günün mübarək.

Nilayın nənəsi Sevil Babayeva deyir ki, bu yaşına kimi belə terror hadisəsi görməyib və baş verənlərin hamısı hələ də ona yuxu kimi gəlir: “Millətimizə təşəkkür edirəm. Çox dəstək oldular. Hər biri sağ olsun! Bu vəziyyətdə onlar Nilaya kömək etdilər. Allah hər birindən razı olsun!”

Sevil xanım deyir ki, Nilayla bağlı arzuları böyükdür: “Arzularım böyükdür. Mən istəyirəm ki, Nilay üçün hər şey yaxşı olsun. O, tez böyüsün, dövlətinə layiqli övlad olsun. Nilayla birgə Qarabağa getmək istəyirəm. İlk növbədə Şuşanı görmək istəyirəm. Mən Şuşada olmuşam. İsa bulağında, Topxana meşəsində olmuşam. Mən istərdim ki, o yerləri Nilay da görsün”.

Nilayın valideynləri – atası Adli Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva oktyabrın 11-də Ermənistan Gəncəni raket atəşinə tutması nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Balaca qızcığaz isə möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılıb.

Ruhunuza dərin ehtiramla! Sizi heç vaxt unutmayacağıq. Siz Allaha, Nilay bizə əmanət!

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın