19:39 15 Oktyabr 2020 200
Ana səhifə Xəbərlər

Gəncə terrorunun 2 yaşlı qurbanı - REPORTAJ

11 oktyabr gecə saat 02.00... Hər kəsin şirin yuxuda olduğu bir vaxtda Ermənistan Gəncəni raket atəşinə tutdu. Nəticədə onlarla insan dağıntılar altında qaldı. Onlardan biri də 2 yaşlı Nilay idi.

APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin gecə erməni terroru nəticəsində balaca Nilay atası Adil Əliyevi və nənəsi Afaq Əliyevanı itirdi. Anası Günay Əliyeva 3 saat dağıntı altında qaldıqdan sonra çıxarılsa da, onun da həyatını xilas etmək mümkün olmadı və bətnindəki körpə ilə birlikdə vəfat etdi.

Balaca Nilayın nənəsi Sevil Babazadə deyir ki, nəvəsi möcüzə nəticəsində dağıntılar altından kiçik zədə ilə xilas edilib: “Mən gedənə kimi bunu çıxartmışdılar. Bu möcüzə oldu. Oranı mən gördüm. Bu oradan necə salamat çıxıb? Elə möcüzə bəlkə də olmazdı”.

Hazırda 2 yaşlı körpə nənəsinin yanındadır. Əməkdaşlarımızla söhbət edən Sevil Babazadə hadisəni ürək ağrısı ilə xatırlayır: “Atası torpağın altından ölü çıxdı. Balamı çıxardanda gördüm. Əsgərlər dedi ki, nəbzi vurur. Onlar bilmirdi axı orda neçə nəfər var. Gecə saat 2-də camaatın yatan vaxtı kim bilə bilərdi ki, soyqırıma uğrayacağıq. Gör, nə qədər qorxaq millətdir ki, döyüşə gedə bilmirlər, qabağa çıxa bilmirlər. Mülki əhalinin nədir günahı?”

Olanları dərk etməyən azyaşlı gördüyü hər kəslə oynayıb gülsə də, bəzən ata və anası yadına düşür. Ağlayaraq evlərinə getmək istəyir.

Sevil Babazadənin Azərbaycan əsgərlərinə güvəni tamdır. “Mən bilirəm ki, qızımın, kürəkənimin, qudamın və şəhid olan əsgərlərimizin qanı yerdə qalmayacaq” – deyir.

Xatırladaq ki, ermənilərin Gəncədə törətdiyi terror aktı nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 35 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın