20:03 03 May 2021 113
Ana səhifə Xəbərlər

Gəncədə əlbəyaxa ailə davasının izi ilə... - TƏFƏRRÜAT

Gəncədə səs-küylü ailə münaqişəsi baş verib. Bir neçə gün əvvəl Gəncədə gəlin tərəfindən qayınanasının çənəsinin, ərinin isə qolunun sındırılması ilə bağlı məlumat yayılıb.

APA TV-nin qərb bürosunun əməkdaşları hadisəni araşdırmaq üçün ailənin yaşadığı Yeni Qəsəbədə olub.

Əməkdaşlarımızı ailənin gəlini olan 1991-ci il təvəllüdlü Lətafət Məmmədova qarşılayıb. O bildirib ki qayınatası, qayınanası və həyat yoldaşı ilə eyni həyətdə yaşayır. Onların arasında bir müddətdir ki, söz-söhbət var. Hadisə isə mayın 1-də baş verib.

Lətafət Məmmədova deyir ki, aprelin 30-da doğum günü olduğu üçün atası onlara gəlib: “Həmin gün qayınatam gəlib atamla danışdı. Bunlar coşdular. Mən də çölə çıxdım. Tez-tez aramızda mübahisə olur. And olsun Allaha, onlara heç bir xəsarət yetirməmişəm. Mən özümü müdafiə edəndə yəqin ki, onun qolu çıxıb”.

Lətafət Məmmədovanın sözlərinə görə, həyat yoldaşından 2019-cu ildə boşanıb. Sonra keçmiş ərinin ailəsinin təkidi ilə barışıblar. Amma iş yenidən boşanma mərhələsinə çatıb: “Bunun ailəsi gəldi ki, iki uşağınız var, gəlin barışın. Yenə də hər şeyə güzəştə gedib barışdım”.

Ailə haqqında qonşulardan da məlumat aldıq. Qonşular hər iki ailənin sakit və tərbiyəli ailə olduğunu bildirdilər.

Qarşı tərəfin də fikirlərini öyrənmək üçün Məmmədovlar ailəsini gözləməli olduq. Qonşulardan məlumat aldıq ki, onlar polis idarəsində izahat verirlər. Bir qədər sonra Bəhruz Məmmədov, atası Fazil Məmmədov və anası Gülnaz Məmmədova gəldilər. Ailə başçısı Fazil Məmmədov APA TV-yə bildirdi ki, bəzi xəbər saytları bu hadisəni böyüdüb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır. O, 1968-ci il təvəllüdlü həyat yoldaşı Gülnaz Məmmədovanın çənəsinin, 1988-ci il təvəllüdlü oğlu Bəhruz Məmmədovun isə qolunun sınması barədə deyilənləri də təkzib etdi.

Gülnaz Məmmədova çəkilişə razı olmasa da, şifahi olaraq bildirdi ki, gəlini ilə oğlunu aralayan zaman çənəsi sınıb. Bəhruz Məmmədov isə qolunun sınmadığını, çıxdığını söylədi.

Hadisə ilə Gəncə Şəhər Baş Polis idarəsinin Kəpəz Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın