18:23 14 Yanvar 2020 629
Ana səhifə Xəbərlər

Gəncədə həkim səhlənkarlığı: xəstə altı ay bədənində qayçı gəzdirdi

Gəncə şəhərində əməliyyat zamanı gözlənilməz hadisə yaşanıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər sakini, 66 yaşlı Laləzar Orucova yeddi ay əvvəl Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilərkən həkimlərin səhlənkarlığı ucbatından qayçı onun bədənində qalıb.

Dəhşətli fakt özəl xəstəxanalardan birində keçirilən MRT müayinəsi zamanı ortaya çıxıb. Ancaq xəstə və yaxınları bu zaman daha bir anormal hal ilə üz-üzə qalıblar.

Laləzar Orucova və övladlarının sözlərinə görə, bu fakt ortaya çıxdıqdan sonra onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar. Ancaq xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə, daha da pisləşib.

Məsələyə münasibət bildirən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkim müavini Elşad Əsgərov bildirib ki, bu faktın ortaya çıxmasından sonra onlar tərəfindən bütün zəruri addımlar atılıb. Həm müalicə tədbirləri görülüb, həm də cavabdehlər cəzalandırılıb.

Baş həkimin müavini həmçinin deyib ki, Laləzar Məmmədovanın səhhəti ilə bağlı bundan sonra baş verə biləcək ağırlaşmalar qayçı hadisəsi ilə bağlı deyil. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətdədir, müalicəsi davam etdirilir. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın