09:20 31 Mart 2020 238
Ana səhifə Xəbərlər

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb.


DİN-in mətbuat xidmətinin regional qrupundan APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.


Gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtomobillərlə əhalinin evdə qalmağa səsləyir. Eyni zamanda fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir. Əfsuslar olsun ki, görülən bu tədbirlərə baxmayaraq, bəzi sahibkarlar fəaliyyətlərini davam etdirməyə çalışırlar.


Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdiyi reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Sonuncu belə reyd zamanı 2 bərbərxana, 1 gözəllik salonu, 1 ətir mağazası və 1 kafe aşkarlanıb. Sözügedən obyektlərin sahiblərinə inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.


Bundan başqa, davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyən olunub. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın