20:40 21 Yanvar 2020 307
Ana səhifə Xəbərlər

Gəncədə kriminal avtoritet “Osman Gəncinski” tutuldu

Gəncədə kriminal avtoritetdən odlu silah götürülüb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdanovun üzərində silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal Mərdanovun izinə düşən asayiş keşikçiləri onu saxlamağa müvəffəq olublar. Polis idarəsində saxlanılan şəxsin üzərində axtarış aparılan zaman ondan 1 ədəd üstündə “Makarov” sözü yazılan qaz tapançası aşkar olunaraq götürülüb. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin rəisi Füzuli Şıxıyev deyib ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Mərdanovun yaşadığı evə də baxış keçirilib: “Yaşadığı ünvana baxış zamanı “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibrli avtomat güllələri aşkar edilərək götürülüb. Faktla bağlı tərəfimizdən araşdırmalar davam etdirilir”.

Saxlanılan şəxs qanunsuz olaraq silah saxladığını etiraf edib: “Kalaşnikov” evdə durmuşdu. Tapançanı üstümdə saxlayırdım. Belə də, dostlu-düşmənli adamam. Mən kimisə vurmamışam. Silahdır, üstümdə saxlayırdım”.

Qeyd edək ki, saxlanılan Osman Mərdanov Rusiya Federasiyasında quldurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Osman Gəncinski” kimi tanınır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın