15:00 18 Sentyabr 2020 195
Ana səhifə Xəbərlər

Gəncədə qaz sızması nəticəsində partlayan binaya qaz verilişinə başlanıb

2018-ci ilin noyabr ayında Gəncədə qaz sızması nəticəsində partlayan beşmərtəbəli bina yenidən inşa olunaraq, dörd ay əvvəl sakinlərin istifadəsinə verilib. Bu gün isə həmin binaya qaz verilişinə başlanıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Şahlar Hüseynov küçəsi 13A ünvanında yerləşən binadakı 50 mənzilin hər biri qaz xətləri və sayğaclarla təmin olunub.

Mənzillərdən 22-si birotaqlı, 16-sı ikiotaqlı, 12-si isə üçotaqlıdır. Şəhərin Füzuli parkının yaxınlığında yerləşən bina iki blokdan ibarət olmaqla ümumi sahəsi 4 570 kvadratmetri əhatə edir. Qazlaşma prosesinin gedişi podratçı şirkət tərəfindən aparılıb və işin standartlara uyğun olmasına Gəncə Regional Qaz İstismarı İdarəsi tərəfindən nəzarət edilib. İdarədən bildirilib ki, mənzillərin qaz təchizatının gecikməsinə səbəb sənədləşmə işlərinin yekunlaşması ilə əlaqədardır.

Yeni mənzillərinə qovuşan bina sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, 2018-ci il noyabrın 20-də səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu, 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb. Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni yaşayış binasının inşasına qərar verilib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın