14:44 05 Dekabr 2020 199
Ana səhifə Xəbərlər

Gəncədə “Rəmiş” ləqəbli narkotacir müştəriləri ilə birlikdə yaxalandı

Gəncə Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən 3 nəfər saxlanılıb.

Polis əməkdaşları əvvəlcə Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqovu saxlayıb. Onların üzərinə baxış keçirilən zaman sonuncuda ümumi çəkisi 1 qram, Tahir Əliyevdə isə 2 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlər nəticəsində Tahir Əliyevə məxsus evdən 1 kiloqram 056 qram çəkidə marixuana aşakrlanıb.
Polis həmin şəxslərə narkotik vasitə satan şəxsi də müəyyən edib. Əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini “Rəmiş” ləqəbli 35 yaşlı Ramil Əliyev də saxlanılıb. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırılmış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Uzun müddətdir narkotik vasitə əkib-becərdiyini etiraf edən Ramil Əliyev marixuana satışı ilə məşğul olduğunu inkar etməyib: “Yaşadığım yerin yanında çay var. Çayın kənarında marixuana deyilən bitkidən əkmişəm. Qurudub qablara yığmışam. Özüm istifadə edirdim. Siqaret pulum olmayanda dost-tanışa 5-10 manata satırdım. Səhv yoldayam”.

Hər üç şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın