Gəncədə silsilə oğurluq edən keçmiş məhkum saxlanıldı
Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosu məlumat verir ki, 23 yaşlı gəncin hədəfi avtomobillərdə mövcud olan bahalı maqnitofonlar, səsgücləndiricilər olub. Ümumilikdə 20-dən çox oxşar oğurluq cinayəti törədən şəxsin təkcə avtomobillər deyil, mənzildən də oğurluq etdiyi müəyyən edilib.
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Sultanov saxlanılıb.
Araşdırma zamanı onun 2020-ci ilin dekabr aylarında və cari ilin yanvar ayında təkcə Nizami rayonunun ərazisindəki 9 avtomobilə qeyri-qanuni yolla daxil olaraq maqnitofon, səsgücləndirici və digər əşyalar oğurladığı məlum olub: “Gəlirdim yaxınlaşırdım maşına görürdüm görən yoxdur, qapını açıb maqintafonu aparırdım. Sonra satın pulunu xərcliyirdim”.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məcid Sultanov şəhər ərazisində 20-dən çox avtomobilə və 1 mənzilə qeyri-qanuni yolla daxil olaraq oğurluq hadisəsi törədib. Onun sözlərinə görə, saxlanılan şəxs tutularaq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,